16f088a6-7e61-4851-b3d7-8eca913f9586..jpg

Tanışını öldürüb məktəbdə yandıran dayı-bacıoğlu ilə bağlı qərar verildi

Baxış sayı: 766 dəfə baxılıb.

Tanışını öldürüb məktəbdə yandıran dayı-bacıoğlu ilə bağlı qərar verildi

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yusif
Rəhimov və onun dayısı, 1991-ci ildə anadan olmuş Tehran Rəşidovun
barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın məlumatına görə, hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə
təqsirləndirilən şəxslərlə bağlı qərar qəbul olunub.

Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib

Qeyd edək ki, hadisə 2020-ci il dekabrın 18-də Sumqayıtın H.Z.Tağıyev
qəsəbəsində qeydə alınıb.

Belə ki, ev alqı-satqısı xidməti (makler) göstərmiş və itkin düşmüş şəxs kimi
axtarılan 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlu tanışları – 1997-ci
il təvəllüdlü Yusif Rəhimov və onun dayısı, 1991-ci ildə anadan olmuş Tehran
Rəşidov tərəfindən qətlə yetirilib.

Araşdırmalar zamanı məlum olub ki, H.Z.Tağıyev qəsəbəsində “Əvəz” adı ilə
məşhurlaşan Xanəli Əmirov qəsəbədə makler kimi tanınıb. Mərhum onu qətlə
yetirən şəxslərlə əvvəldən normal münasibətdə olub. Belə ki, daha əvvəl
X.Əmirovun vasitəçiliyi ilə Yusif Rəhimovun atasına məxsus olan ev satılıb.
Yusifin dayısının isə Xanəliyə 1100 manat borcu olub. Tehran borclu olduğu
şəxsdən canını qurtarmaq üçün narkotik aludəçiliyindən əziyyət çəkən bacısı
oğluna Xanəlini öldürməsini təklif edib və birgə plan qurublar.

Plana əsasən, Yusif Xanəli ilə yeyib-içmək məclisi təşkil edib, daha sonra
onlara Tehran da qoşulub. Məclisdən sonra Yusif maklerdən ona kirayə ev
verməsini xahiş edib. Onlar birlikdə qəsəbədəki evə baxmaq üçün gediblər.
Burada Yusif arxadan sərxoş halda olan Xanəliyə hücum edərək ona çoxsaylı zərbə
endirib. Dayısı isə meyiti xalçaya bükərək evdən çıxarmaqda, həmçinin divarın
qana bulanmış hissəsini yumaqda kömək edib.

Dayı və bacısı oğlu xalçaya bükülmüş meyiti Tehrana məxsus “Opel” markalı
avtomobilə qoyaraq qəsəbənin Q.Qarayev küçəsində yerləşən 19 saylı orta
məktəbin arxa tərəfinə gətiriblər və buradan məktəbin həyətinə keçirərək orta
məktəb binasının zirzəmisinə atıblar. Daha sonra onlar benzin gətirərək
məktəbin zirzəmisində X.Əmirovun meyitini yandıraraq izi itirməyə çalışıblar.

X.Əmirovun itkin düşməsindən sonra təxminən 2 ay müddətində axtarışlar
aparılıb və onun qətlə yetirilməsi müəyyən edilib. Martın 15-də Y.Rəhimov və
dayısı saxlanıldıqdan sonra onlar törətdikləri əməli etiraf ediblər və meyitin
qalıqlarını gizlətdikləri yeri deyiblər. Sumqayıt şəhəri, 19 saylı məktəbin
zirzəmisinə baxış keçirilərkən X.Əmirovun meyitinin qalıqları aşkar edilib.

Y.Rəhimov ifadəsində bildirib ki, həmin məktəbdə təhsil aldığı üçün orada
istifadəsiz qazanxananın olduğunu bilib və bu səbəbdən qətlə yetirdiyi şəxsin
meyitinin orada gizlədilməsini təklif edib.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci (qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən, tamah məqsədi və ya sifarişlə adam öldürmə)
maddələri ilə ittiham edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dayıya 19 il, onun bacısı oğlu
Yusif Rəhimova isə 18 il 6 ay müddətinə həbs cəzası verilib. Bu hökmdən
məhkumlar narazı qalıblar və apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya
Məhkəməsinə müraciət ediblər.

Source link