Tanzaniyada 6677 nəfər denge qızdırmasından əziyyət çəkir, 13 nəfər bu xəstəlikdən dünyasını dəyişib.
ÇıxışYolu.Com-nun yerli “Mwananchi” qəzetinə istinadən verdiyi xəbərə görə, əvvəllər virusdan ölənlərin sayının 6 nəfər olduğu bildirilsə də, sonradan ölkədə 13 nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyi ortaya çıxıb. Tanzaniyanın səhiyyə, icma və gender inkişafı, uşaqların və yaşlıların hüquqlarının müdafiəsi naziri Ummi Mvalimu bildirib ki, təkcə Dar-əs-Salam ərazisində 6631 nəfər dengeyə yoluxub.
Nazir onu da qeyd edib ki, xəstəliyin yayılması halları əvvəlki vaxtla müqayisədə xeyli azalıb. Məsələn, 2019-cu ilin iyununda bu qızdırmaya 536 nəfərin yoluxduğu ortaya çıxsa da, ötən ay cəmi 6 nəfərdə bu xəstəlik qeydə alınıb.
Virusun əsas əlamətləri güclü başağrısı, qızdırma, daxili qanaxmadır.
Tanzaniyanın başqa problemi isə malyariyadır. Rəsmi məlumatlara görə, “hər il 5,6 milyon nəfər malyariyaya yoluxur və onların 4390 nəfərinin həyatını xilas etmək mümkün olmur”.