cd0c9bd2-9b36-4047-b98e-9995b7d25ff6..jpg

Tarix yazan qızlarımız: Onlar kimdirlər? – FOTO

Baxış sayı: 389 dəfə baxılıb.

Tarix yazan qızlarımız: Onlar kimdirlər? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Azərbaycan idman tarixində ilkə imza atıldı.

“Qafqazinfo” xəbər verir ki, Honkonqda keçirilən lisenziya turnirinin
finalında Polşaya qalib gələn 3×3 basketbol yığmamız ölkəmizin idman tarixində
ilk dəfə Yay Olimpiya Oyunlarında komanda idman növlərində iştirakımızı
rəsmiləşdirdi.

Bundan sonra isə sosial şəbəkələrdə millimizin üzvlərinin əcnəbi olması ilə
bağlı çoxsaylı paylaşımlar edildi.

Komandamızın üzvləri Dina Ulyanova, Alexandra Mollenhauer, Tiffani Hayes və
Mersedes Uolkerin legioner olmaları müzakirələrə yol açıb. Lakin bu
oyunçulardan ikisi Azərbaycan basketbolunun yetirməsidir. Belə ki, Dina
Ulyanova və Alexandra Mollenhauer Bakıda bu idman növü ilə məşğul olmağa
başlayıblar.

D.Ulyanova 1990-cı ildə Bakıda doğulub. O, basketbola ilk addımlarını da məhz
burada atıb. Sonradan Rusiyaya köçən xanım idmançı 2012-ci ildən “Neftçi”
klubunun şərəfini qoruyur.

A.Mollenhauer vaxtilə “Qala”, NTD və “Aztop” kimi Azərbaycan klublarının
şərəfini qorumuş Skott Mollenhauerin qızıdır. Onun atası karyerasını başa
vurduqdan sonra da ölkəmizi tərk etməyib. Bakıda məşqçi kimi fəaliyyət
göstərərək oyunçular yetişdirməyə başlayan S.Mollenhauerin qızı da 5 yaşından
burada böyüyüb və basketbolun sirlərinə Azərbaycanda yiyələnib.

34 yaşlı Tiffani Hayes və 37 yaşlı Mersedes Uolker Azərbaycan vətəndaşlığı
almış amerikalıdırlar. Onlar 2015-ci il Avropa Oyunlarından başlayaraq
Azərbaycan millisində çıxış edirlər.

Ulyanova, Mollenhauer və Uolker 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi
Oyunlarının qalibi olan Azərbaycan milli komandasında çıxış ediblər.

Komandamızın heyətində yer alan digər basketbolçu Tatyana Deniskina
komandamızla iki İslamiadada qızıl medal qazanıb. Honkonqda 38 yaşlı
basketbolçu ehtiyat oyunçular skamyasında otursa da, əvvəllər mütəmadi çıxış
edirdi. Deniskina 2000-ci illərin əvvəllərindən Bakıda yaşayır, azərbaycanlı
cüdo məşqçisi Rüfət İsmayılovla ailə qurub. Tatyana həm də məşqçiliklə məşğul
olur. Onun qızı Ancelina İsmayılova basketbol üzrə Azərbaycan milli
komandasında oynayır. Maraqlıdır ki, ötən ilin noyabrında Tatyana və Ancelina
Belçika və Litvaya qarşı Avropa çempionatının seçmə mərhələsinin oyunları
zamanı eyni vaxtda meydanda olublar.

Source link