0c1e99ee-6475-460e-a471-f94140187923..jpg

Tarixçi alim: “Ermənistanın havadarları anladılar ki, geri çəkilməkdən başqa yol yoxdur” – FOTO

Baxış sayı: 568 dəfə baxılıb.

Tarixçi alim: “Ermənistanın havadarları anladılar ki, geri çəkilməkdən başqa
yol yoxdur” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2020-ci ilin Zəfər Günü Azərbaycan xalqının taleyində və tarixində ən şərəfli
bir gündür. Zəfər Günü xalqımızın, Ordumuzun taleyinə, Azərbaycanı istəyən
qüvvələrin tarixinə qızıl hərflə yazılıb”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri
doktoruAnar İsgəndərov Zəfər Günü ilə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ordumuz Ermənistanı
müdafiə edən Qərb dövlətlərinin niyyətlərini də darmadağın edib:

“44 günlük Vətən müharibəsində Ermənistanı hər zaman müdafiə edən, ona hər cür
yardım göstərən Qərb dövlətləri və onların rəhbərləri Azərbaycanın dövlət
başçısı, Ali Baş Komandanİlham Əliyevlə hər cür danışıqlar apardılar ki,
Ordumuzu dayandırsınlar. Lakin onlar anlamırdılar ki, öz qətiyyəti, gücü və
Vətənə olan məhəbbəti ilə İlham Əliyev hamıdan seçilir. O, siyasi qərarı qəbul
edərkən hər şeyi hesablayıb.

Tarixi torpaqlarımız 30 il düşmən tapdağı altında qaldı. Ancaq bu daha davam
edə bilməzdi. Ali Baş Komandan öz xalqına verdiyi sözü tutdu, onun sərkərdəliyi
ilə torpaqlarımız işğaldan azad olundu. İndi müqəddəs üçrəngli bayrağımız
işğaldan azad edilən torpaqlarımızda dalğalanır”.

A.İsgəndərov bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və
siyasi gücünü ortaya qoydu, Ermənistanın havadarları anladılar ki, düşmənin
bizim əsgərin gücü, Ali Baş Komandanın siyasi qərarının qarşısında geri
çəkilməkdən başqa yolu yoxdur:

“Azərbaycanın dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra bəyan etdi
ki, artıq Qarabağ problemi yoxdur. 30 il ərzində üzərinə götürdüyü missiyanı
yerinə yetirməyi bacarmayan, ya da sadəcə, istəməyən ATƏT-in keçmiş Minsk qrupu
da nə qədər çabalasa da, nəticəyə müdaxilə etmək səyləri puç oldu.

Artıq bunlar arxivə qovuşdu. Azərbaycan Vətən müharibəsindən sonra işğaldan
azad edilən ərazilərində quruculuq işlərinə başladı. Ancaq ermənilərin
ərazilərimizdə minaları kartof kimi “əkməsi”, Ermənistan silahlı qüvvələrinin
Qarabağda qalan tör-töküntüləri, separatçılar bölgədə çox böyük təhlükə olaraq
qalmaqda idi”.

Deputat qeyd edib ki, bütün bunlar Azərbaycanı qətiyyətli addımlar atmağa
məcbur etdi, 2023-cü ilin sentyabrın 19-20-də gerçəkləşdirilən lokal antiterror
tədbirləri ilə ərazilərimizdə suverenliyimiz tam bərpa olundu:

“Artıq Azərbaycanın heç bir yerində separatçı qüvvə yoxdur. Biz dünyanın bir
çox ölkələrini içdən yeyən, sülhə hər zaman təhdid olan separatçılığın kökünü
kəsdik. İndi Zəfər Gününü Şuşa ilə yanaşı, Xankəndidə, Xocalıda da qeyd
edəcəyik. Bir daha deyirəm, bu, şərəf tariximizdir. Bu gün hər bir azərbaycanlı
– məktəbli də, tələbə də, jurnalist də, parlament üzvü də, hökumət üzvü də bu
bayramla fəxr edir.

Bu, xalqımızın, dövlətimizin qələbəsidir. Bu, ümummilli lider Heydər Əliyevin
arzusu idi və Ali Baş Komandan İlham Əliyev də bu arzunu reallaşdırdı.
Azərbaycan qalib dövlətlərin sırasına qoşuldu. Onun əsgəri bu gün dünyanın ən
güclü əsgərlərindən biridir. Qalib Azərbaycan öz uğurlarını dünyaya bəyan edir.
Eyni zamanda, regionda sülhə təhdidlərə qarşı mübarizəsini də davam etdirir. Və
artıq düşmənlərimiz də agahdırlar ki, Azərbaycanla zarafat etmək olmaz: növbəti
mümkün təxribatın “dəmir yumruğu” daha ağır olacaq”.

Nəzrin Vahid

Source link