Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri
təəccübləndirdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mənimsəmədə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı
Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə müttəhimlərlə eyni dövrdə AMEA-da işləmiş üç nəfər şahid ifadə verib.
Sözügedən şahidlər məhkəmədən yayındıqları üçün barələrində polis vasitəsilə
məcburi gətirilmə qərarı çıxarılmışdı. Bunlardan biri altı il AMEA-nın
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda laborant işləmiş Pərvanə
Əhmədzadədir.
Maraqlıdır ki, P.Əhmədzadə rəsmi sənədlərdə laborant kimi qeyd edilsə də, altı
il ərzində bir dəfə də institutun qapısını açmayıb. Bunu şahid özü də məhkəmə
qarşısında etiraf edib. Deyib ki, heç vaxt instituta getməyib, bu səbəbdən də
təqsirləndirilən şəxsləri tanımır. Onun ifadəsindən məlum olub ki, bütün
işlərini atası aparıb. Atası evə sənədlər gətirib, o da həmin sənədlərə imza
atıb. Şahidin sənədlərin nədən ibarət olduğunundan belə xəbəri yoxdur.
İfadəyə münasibət bildirən müttəhim Hüseynov deyib ki, 2019-cu ildə İnstitutun
direktoru Maisə Rəhimovanın göstərişi ilə Pərvanə Əhmədzadənin adı Ağdam və
Bərdə rayonunda aparılan ekspedisiya işlərinə yazılıb. Amma Pərvanə
ekspedisiyada iştirak etməyib.
Əsas məqamlardan biri də odur ki, Pərvanə Əhmədzadənin adı yeddi dəfə
ekspedisiyaya yazılıb, amma heç birində iştirak etməyib. Buna baxmayaraq, adına
yazılan pullar kimlərsə tərəfindən götürülüb.
Şahidin ifadəsi ilə ortaya çıxan məqamlar hakimləri təəccübləndirib.
“Mən indi baxıram, hər ekspedisiyaya 900 manat olmaqla Pərvanə Əhmədzadənin
adına 6300 manat pul yazılıb. Bu, dövlət vəsaitinin mənimsənilməsi faktını
ortaya çıxarır. Cinayət əməli deməkdir”, – sədrlik edən hakim Azad Məcidov
deyib.
Prosesin davamında 2023-cü ilin iyuluna kimi AMEA-nın Arxeologiya, Etnoqrafiya
və Antropologiya İnstitutunda işləyib hazırda fəaliyyətini Tarix İnstitutunda
davam etdirən Nərminə Hüseynova ifadə verib. Bu şahidin də adı sənəd üzərində
ekspedisiyaya ezam edilmiş kimi yazılsa da, İnstitutdan kənara çıxmayıb.
Dediyinə görə, işi yalnız cədvəllərə imza atmaq olub. Ekspedisiya ilə bağlı
hazırda araşdırılan məsələlərdən xəbəri olmayıb.
Təqsirləndirilən alim məhkəmənin nəzərinə çatdırıb ki, Nərminə Hüseynovanın
adı iki ekspedisiya işində yazılıb. Onun adını yazdıran isə direktor Maisə
Rəhimova olub.
Şahidin istintaq dövründə dedikləri ilə indi danışdıqları arasında ziddiyyət
yarandığı üçün onun əvvəlki ifadəsi elan edilib.
Hüseynova müstəntiqə deyib ki, 2021-ci ildə Müzəffər Hüseynovun tapşırığı ilə
ekspedisiyaya gedib. Buna görə onun kartına 900 manat köçüb. Həmin pulun isə
800 manatını institutun digər əməkdaşı Müzəffər Hüseynova verib. Hesabat
hazırladığına görə isə 100 manatı özünə qalıb.
Şahid ifadəsi vermək üçün zala dəvət edilən Azər Əliyev isə Etnoqrafiya və
Antropologiya İnstitutunda elmi işçi işləyib, hazırda təqaüddədir. Əliyev deyir
ki, 30-a yaxın ekspedisiya işində iştirak edib. Həmin ekspedisiyaların
bəzilərində təqsirləndirilən Səbuhi Hüseynov da iştirak edib.
Amma Səbuhi Hüseynov şahidin düzgün danışmadığını bildirib: “Azər Əliyevin
2019-2020-ci illərdə ekspedisiya işlərinə iki dəfə adı yazılıb. Amma bu şəxsin
üzünü də görməmişik. Mən şəxsən etiraz etmişəm, gəlib ekspedisiya işlərində
iştirak etməsini istəmişəm. Ümumilikdə dörd nəfərin adı yazılıb, amma heç biri
işlərində olmayıb. Onlardan biri də Azər Əliyevdir. Dörd nəfərə ayrılan pul
1800 manat olub. Həmin pulu da Maisə Rəhimovaya vermişəm”.
Proses mayın 8-i növbəti şahidlərin ifadələri ilə davam edəcək.
Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi
işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub.
Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı
mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul
etmirlər.