Tarixçi alimin məhkəməsi: “Ekspedisiyaya görə min manat istədilər”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunun sabiq əməkdaşları – tarixçi alim Səbuhi Hüseynov və
həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam
etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad
Məcidovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Arxeologiya,
Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Akif Quliyev ifadə verib.
Şahid təqsirləndirilən şəxslərlə aralarında şəxsi ədavətin olduğunu bildirib.
A.Quliyev ifadəsində Gülüstan İsayevanın ondan 1000 manat rüşvət istədiyini
bildirib:
”Səbuhi İsayev Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda mənim
hesabıma işə qəbul edildi. Mən direktor Maisə xanımın qəbuluna girib xahiş
etdim ki, Səbuhini işə götürsün. 2022-ci ilin may ayına qədər aramız yaxşı
olub. Ekspedisiyaya getməmişdən əvvəl Gülüstan xanım məndən 1000 manat tələb
etdi. Soruşdum ki, bunu niyə verməliyəm, dedi ki, hamı verir, sən də
verməlisən. Yəni bu şirinlikdir. Mən pul vermədim. Dedim ki, şikayət edəcəyəm.
Bir gün Maisə xanım mənə zəng etdi ki, bəs Gülüstan xanım institutda korrupsiya
hallarının araşdırılması ilə bağlı şikayət edib”.
Daha sonra şahid Akif Quliyev Gülüstan İsayevanın vəzifə səlahiyyətlərindən
sui-istifadə etdiyini bildirib:
“Səbuhi ekspedisiyalarında qazıntı aparmırdı, o, kəşfiyyat işinə baxırdı. O iş
üçün də cəmi 2-3 nəfər bəs edirdi. Ancaq Səbuhi İsayevin öz ekspedisiyalarına
sənəd üzərində 12-13 nəfər apardığı deyilirdi. Gülüstan İsayeva vəzifəsindən
istifadə edib Səbuhiyə ekspedisiya verirdi”.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Onlar
bildiriblər ki, ilkin istintaq zamanı dindirilən institut əməkdaşları Səbuhi
İsayevin ekspedisiyaları ilə yanaşı başqa ekspedisiyalarda da iştirak
etmədiklərini, sadəcə sənəddə adlarının yazıldığını deyiblər. Vəkillər bu halın
istintaq orqanı tərəfindın yenidən araşdırılmasını istəyiblər.
Hakim Azad Məcidov vəsatəti təmin edərək bildirib ki, istintaq orqanı bu
məsələyə ciddi yanaşmayıb.
Proses oktyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi
işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub.
Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min
manatını mənimsəməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda
mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və
313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi
barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.