e8272efd-6b12-40b4-960d-2807142fc136..jpg

Tarixi həqiqətlər işıq üzünə çıxarıldı: Ağdərə rayonu niyə ləğv edilmişdi? – AÇIQLAMA + FOTO

Baxış sayı: 715 dəfə baxılıb.

Tarixi həqiqətlər işıq üzünə çıxarıldı: Ağdərə rayonu niyə ləğv edilmişdi? –
AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 30 il öncə ləğv edilən Ağdərə rayonu inzibati ərazi vahidi
olaraq, yenidən yaradılır. Bununla bağlı Milli Məclisdə “Azərbaycan
Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” yeni qanun layihəsi
müzakirəyə çıxarılacaq.

Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilərək, mərkəzi Ağdərə şəhəri olmaqla
inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.

Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr
ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək.

Maraqlıdır, Ağdərə rayonu 1992-ci ildə niyə və hansı əsaslarla ləğv edilmişdi?
Həmin dövrdə belə bir addımın atılmasına rəvac verən məqam nədən ibarət idi?

Bununla bağlı Cixisyolu.com-a danışan 1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin
başçısı, hazırda Milli Məclisin Xocalıdan olan deputatıElman Məmmədov həmin
dövrün siyasi reallığının belə əsassız bir qərara gətirib çıxardığını deyib.
Elman Məmmədovun fikrincə, o zamanlar Ağdərə rayonunun ləğvi düşünülməmiş və
əsaslandırılmamış atılan addım idi:

“1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə
Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Bundan sonra
Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd,
Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilib.

Cəmi bir il sonra “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən
dəyişiklik edilməsi haqqında” Milli Məclisinin qərarı ilə Ağdərə rayonu ləğv
edilib, onun ərazisi Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölüşdürülüb.

Bu çox gözlənilməz qərar oldu və məncə, heç bir ehtiyac yox idi. Ağdərə
rayonunun ləğvi hüquqi, siyasi cəhətdən mənasız və əsassız idi. Sadəcə, həmin
dövrdə Azərbaycan rəhbərliyində mövcud olan qanunsuzluq, özbaşınalıq, anarxiya,
hakimiyyətdə təmsil olunan şəxslərin iddia və qərəzləri səriştəsiz siyasətə
gətirib çıxardı. Sonradan Ağdərə rayonunun əhalisi haqlı olaraq ulu öndər
Heydər Əliyevə çox sayda müraciətlər etdilər. Mən özüm deputat seçiləndən sonra
da Milli Məclisdə dəfələrlə bu məsələni qaldırdım. Ağdərə rayonu bərpa olunmalı
idi, sakinlərin, bütün xalqın istəyi belə idi. Ancaq bu qərar 30 il sonra –
Ağdərə azad edildikdə reallaşdırıldı. Prezidentimiz “nəyi, necə və nə vaxt
etmək lazım olduğunu mən yaxşı bilirəm” deyərək, çox düzgün vurğulayıb. Ağdərə
sakinlərinin gözləntisi öz nəticəsini ən düzgün zamanda verdi.

Cari ilin sentyabr ayının 19-20-də keçirilən lokal antiterror tədbirləri ilə
Ağdərə rayonu da işğalçılardan təmizləndi. Beləliklə, tarixi ədalətsizliyin
ləğv edilməsi, haqqın bərpası reallaşdı. Biz Ağdərə rayonunun yenidən bərpa
olunması haqqında qanun layihəsini Milli Məclisdə müzakirə edəcəyik. Mənə elə
gəlir ki, deputat həmkarlarım bunun əleyhinə səs verməyəcəklər”.

Elman Məmmədovun sözlərinə görə, Ağdərə keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayətində o dövrdə mövcud olan rayonlar içərisində ərazisinə və əhalisinin
sayına görə ən böyük rayonlardan biri olub. Hətta Ağdərə azərbaycanlı əhalinin
sayına görə ən vacib rayonlardan biri idi:

“Ağdərə iqtisadi cəhətdən güclü rayonlardan biri hesab olunurdu. O dövrdə Şuşa
rayonundan sonra ən çox azərbaycanlı yaşayan ikinci rayon Ağdərə idi. Bəlkə də
buna görə, 1992-ci ildə o dövrün hakimiyyəti belə bir haqsızlığa yol verdi və
Ağdərə rayonunu heç bir əsas olmadan, qəfil ləğv etdi.

Ağdərənin ərazisi üç rayon – Kəlbəcər, Ağdam, Tərtər arasında bölünmüşdü. Amma
ağdərəlilər özlərini həmişə belə adlandırırdılar. Hansı rayonun sakini olmasına
baxmayaraq, onların dədə-baba yurdu Ağdərədir. Rayonun rəsmi şəkildə ləğvi
ağdərəlilərin heysiyyətinə çox toxunmuşdu. Onlarla görüşlərimdə, ünsiyyətimdə
bunu dəfələrlə dilə gətirdiklərinin şahidiyəm.

Ağdərənin bərpasına görə, özüm və ağdərəlilər adından Prezidentimizə təşəkkür
edirəm”.

Aysel Aslan

Source link