153f58f3-e58b-44fd-883a-e37e8369f07e..jpg

TARSİM: “Qarabağda aqrar sığorta sisteminin genişlənməsinə töhfə verəcəyik” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 513 dəfə baxılıb.

TARSİM: “Qarabağda aqrar sığorta sisteminin genişlənməsinə töhfə verəcəyik” –
MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağda aqrar sığorta sisteminin genişlənməsinə töhfə verəcəyik”.

Bunu Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sisteminin (TARSİM) Müşahidə
Şurasının sədri Osman Yıldız “Report”a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Son illərdə yaşanan kəskin iqlim dəyişiklikləri və təbii fəlakətlər aqrar
sığortanın əhəmiyyətini artırıbmı? Bildiyimizə görə, Türkiyədə baş verən
zəlzələ zamanı da aqrar sığorta sistemi öz vacibliyini göstərib. Bununla bağlı
fikirlərinizi bilmək istərdik.

– Son illərdə iqlim dəyişikliyi ilə bağlı meteoroloji hadisələrin tezliyində
və şiddətində artım müşahidə olunur, gözlənilməz risklər nəticəsində təbii
fəlakətlər baş verir. Təbii fəlakətlərdən bütün iqtisadi sektorlar, ən çox da
kənd təsərrüfatı sektoru təsirlənir. Kənd təsərrüfatı istehsalına təsir edən
risklər təkcə istehsalçıları deyil, hamımızı əhatə edən sistemi təhdid edir.
İstehsalçının bu risklər və qeyri-müəyyənliklər qarşısında istehsalı davam
etdirməsini, kənd təsərrüfatı sektorunun sabit və proqnozlaşdırıla bilən
olmasını, kənd təsərrüfatı istehsalının davamlılığını təmin etmək üçün kənd
təsərrüfatında bir çox risk idarəetmə alətləri hazırlanıb.

“Aqrar Sığorta Sistemi” istehsalçı itkilərinin aradan qaldırılması, istehsalın
davamlılığı və qida zəncirində neqativ halların qarşısının alınması üçün
dünyada qəbul edilmiş ən mühüm müasir risklərin idarə edilməsi vasitələrindən
biridir. İqlim dəyişikliyi ilə bağlı artan risklər və qeyri-müəyyənliklər kənd
təsərrüfatı istehsalına təsirini artırıb və istehsalçıların aqrar sığortaya
marağı günü-gündən artır. TARSİM-in Türkiyədə qurulduğu 2005-ci ildən bəri
sığorta tarifinin hər il davamlı olaraq artması, aqrar sığortanın istehsalçılar
üçün əhəmiyyətinin artdığını göstərir.

Türkiyədə fevral ayında baş verən, geniş bir coğrafiyanı əhatə edən və əsrin
ən böyük fəlakəti olaraq xarakterizə edilən zəlzələdən bütün sektorlar zərər
çəkdiyi kimi, istehsalçılarımız da zərər çəkdi. Ölkə bu fəlakətin nəticələrini
aradan qaldırmaq, yaraları sağaltmaq üçün birlik və həmrəylik içində hərəkət
etdi. Zəlzələ fəlakətinin nəticələrinin aradan qaldırılmasında dövlət yardımı
ilə yanaşı, müasir risk idarəetmə vasitələri olan Təbii Fəlakət Sığortası
Hovuzu (DASK) və TARSİM də mühüm rol oynadı. DASK və TARSİM-in sürətlə hərəkətə
keçərək dəymiş zərərlərə görə ödənişlər etməsi bölgədə yaşayan insanların
normal həyatlarına qayıtmasına və istehsala başlamasına kömək etdi.

– Azərbaycanda aqrar sığorta mexanizmi TARSİM-in dəstəyi və təcrübəsindən
istifadə edilməklə yaradılıb. Ölkəmizdə bu sistem yaranandan bəri əldə olunan
nəticələr sizi qane edirmi? Azərbaycanda bu sahədə görülən işləri necə
qiymətləndirirsiniz?

– TARSİM yarandığı gündən keçən 17 illik müddətdə dünyada “Hovuz Sistem”ləri
arasında beynəlxalq aləmdə nümunəvi bir tətbiq kimi göstərilir və bir çox
ölkənin təsir dairəsinə daxil olub. Türkiyədə uğurla həyata keçirilən və
gündən-günə təkmilləşdirdiyimiz TARSİM sistemi qurulduqdan sonra ilk növbədə
Azərbaycanla əməkdaşlığa, təcrübə və biliklərimizi paylaşmağa, bələdçilik
etməyə başladıq.

TARSİM-in rəhbərliyi və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə
Nazirliyinin dəstəyi ilə yaradılan Aqrar Sığorta Fondu (ASF) yarandığı gündən
çox böyük yol keçib və uğurlu nəticələr əldə etməklə Azərbaycan
istehsalçılarına ciddi töhfələr verməyə başlayıb. İnanırıq ki, ASF-nin
qarşılayacağı yeni risklər və məhsullarla istehsalçılara verilən güzəştlər daha
da artacaq. TARSİM olaraq bu yolda hər zaman Fonda dəstək olmağa və yol
göstərməyə davam edəcəyik.

TARSİM sistemini nümunəvi bir model kimi götürmək istəyən digər ölkələrə
deyəcəyimiz bir nüans var. İstəyirik ki, onlar ilk növbədə Azərbaycanda bizim
dəstəyimizlə yaradılan aqrar sığorta sistemini araşdırsınlar və keçilən
mərhələləri görsünlər. Biz Aqrar Sığorta Sistemini qurmaq istəyən Özbəkistan
nümayəndələrinə də eyni təklifi verməklə və onların Azərbaycana səfərini təmin
etməklə ASF-nin uğuruna öz töhfəmizi veririk.

Türkiyə olaraq ASF-ə möhkəm addımlarla və risk və məhsul əsasında əhatə
dairəsinin tədricən genişləndirilməsi və zərərin qiymətləndirilməsi üzrə
ekspertlərin hazırlanması ilə istiqamət verməyə çalışırıq. Bu şəkildə olması
sistemin daimiliyini və uzun illər Azərbaycan fermerlərinə xidmət göstərməsini
təmin edəcək.

– Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli region ölkələri üçün nümunə
sayıla bilərmi? Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə də tətbiqi
imkanları barədə nə deyə bilərsiniz?

– Azərbaycanda qurulan və uğurla həyata keçirilən aqrar sığorta modeli TARSİM
ilə birlikdə region ölkələri üçün nümunə olmağa başlayıb. Sentyabrın 3-də
Türkiyə ilə Özbəkistan arasında aqrar sığorta sisteminin yaradılmasına dair
Niyyət Bəyannaməsi imzalanıb və araşdırmalara başlanılıb. Özbəkistan tərəfinin
Azərbaycanın təcrübəsindən yararlanması vacib hesab edilərək bu prosesə
Azərbaycan da daxil edildi.

Bəşəriyyət üçün qida istehsalının ən mühüm elementi torpaq və bu torpaqlardakı
kənd təsərrüfatı istehsalıdır. Türk Dünyasında kənd təsərrüfatı istehsalı üçün
birlikdə hərəkət etmək və istehsal potensialını artırmaq qida əlçatanlığında
böyük rol oynayacaq. Bu istehsal potensialı artdıqca aqrar sığortanın da
əhəmiyyəti artacaq. Türkiyə və Azərbaycan olaraq məqsədimiz türk dövlətləri
arasında ortaq aqrar sığorta sisteminin yaradılmasına rəhbərlik etməkdir.

– TARSİM olaraq işğaldan azad edilmiş Azərbaycan torpaqlarında hansısa layihə
həyata keçirmək planınız varmı?

– Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının dirçəldilməsində ilk öncə
bu bölgənin infrastrukturundan başlayaraq ehtiyacları sürətlə müəyyən
edilməlidir. Türkiyə olaraq bu ehtiyaclara cavab verən layihələrin
hazırlanmasında hər zaman əməkdaşlığa hazırıq. TARSİM Azərbaycanda davam edən
əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş torpaqlarda aqrar sığorta
sisteminin genişlənməsinə öz töhfəsini verəcək.

– ASF işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında nə kimi
rol oynaya bilər?

– Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının istehsal proseslərinə cəlb
edilməsi üçün layihələrin hazırlanması vacibdir. ASF-nin bu sahədə
koordinasiyalı təcrübələri ilə yanaşı, regionda risklərin müəyyən edilməsi,
Fondun əhatə dairəsinin yaxşılaşdırılması və yeni layihələrin hazırlanması
faydalı olacaq.

– Qeyd etdiniz ki, Azərbaycanda aqrar sığorta mexanizmi TARSİM-in təcrübəsinə
əsaslanaraq yaradılıb. TARSİM ilk yarananda məhdud sayda məhsul və risk təklif
etsə də, sonradan məhsul çeşidi genişləndi. TARSİM Türkiyədə kənd təsərrüfatı
sektorunda hansı risklərdən sığortalanmağı təmin edir? Bu risklərdən sığorta
Azərbaycanda tətbiq oluna bilərmi?

– TARSİM-in Türkiyədə ilk yarandığı gündən populist yanaşmalardan uzaq olaraq,
məhsul və riskləri seçərkən məsuliyyəti nəzərə almışıq. TARSİM olaraq əhatə
etdiyimiz risklər Türkiyədəki istehsalçıların məhsullarına ən çox təsir edən
risklər və tələblərdir. Universitetlərdən müxtəlif sahələr üzrə
professorlarımızın daxil olduğu “TARSİM Elm Şurası”nı yaratmışıq. Yeni
məhsullar və risklər bu Elmi Şuranın tövsiyələri, lazım gəldikdə onun həyata
keçirdiyi layihələrin nəticələri, TARSİM-in rəhbərliyi və Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən nəzərə alınmaqla əhatə dairəsinə daxil edilir. Azərbaycan
ASF-də qarşılanacaq məhsul və risklərlə bağlı TARSİM Elmi Şurasından, lazım
gələrsə, Türkiyəli professorlardan ibarət “Elmi Şura”nın araşdırma və
tövsiyələrindən istifadə oluna bilər.

Biz Azərbaycan istehsalçılarının prioritet ehtiyaclarını nəzərə alaraq
TARSİM-in tətbiq etdiyi risk sığortalarının Azərbaycanda da tətbiq olunması
üçün təcrübələrimizi bölüşməyə davam edirik. Eyni zamanda, TARSİM-in
təcrübəsindən yararlanmaq və Türkiyədə tətbiq olunan quraqlıqdan məhsul
sığortası və gəlirlərin mühafizəsi sığortasının Azərbaycanda inkişaf
etdirilməsi istiqamətində əməkdaşlıq etmək üçün Azərbaycan rəsmilərini
Türkiyədə qonaq etməkdən hər zaman məmnunuq.

– Türkiyədə kənd təsərrüfatı sektorunda ən çox hansı risklərə görə
kompensasiya ödənişləri həyata keçirilir? Ən populyar risklər hansılardır?

– Türkiyə iqlimi, istehsal potensialı və məhsul müxtəlifliyi baxımından böyük
coğrafiyaya malik ölkədir. Məhsulların çeşidi çox olduğuna görə onlar risklərə
qarşı həssaslığı ilə fərqlənir. Ümumiyyətlə tarla bitkilərinin yetişdirildiyi
və istixanaların olduğu ərazilərdə dolu, tufan, tornado və sel kimi risklər,
açıq havada yetişdirilən meyvələrdə isə donma riski ön plana çıxır və
kompensasiya ödənişləri əsasən bu risklərə görə olur. Heyvanların həyatının
sığortasında xəstəliklər nəticəsində ölüm riskindən yaranan kompensasiyalar
daha çoxdur.

– TARSİM quraqlıq sığortasının tətbiqinə başlayıb. Bu sığorta Türkiyənin hansı
bölgələrində və necə həyata keçirilir? Bu sığortanın tətbiqinin ilkin səbəbləri
nə idi və onun tətbiqi sektora necə təsir göstərdi?

– Türkiyədə son illərdə iqlim dəyişikliyinə görə, quraqlıq baş verməyə
başlayıb və bundan xüsusilə taxıl məhsulları təsirlənir. TARSİM olaraq quraqlıq
səbəbindən istehsalçıların gəlir itkilərini kompensasiya etmək üçün bu sığorta
növünü inkişaf etdiririk. Nəticədə quraq ərazilərdə məhsul verən
istehsalçıların istehsaldan geri çəkilməsinə mane olmaqla, strateji taxıl
istehsalının davamlılığına töhfə verilib.

– Aqrar sığortanın tətbiqi Türkiyədə kənd təsərrüfatı sektoruna
investisiyaların cəlbediciliyinə necə təsir edir?

– Türkiyədə TARSİM qurulmazdan əvvəl kənd təsərrüfatı sektoru qeyri-müəyyənlik
və yüksək risk xarakteri daşıdığı üçün bu sektorda fəaliyyət göstərən
istehsalçılar və investorlar problemləri ənənəvi üsullarla həll etməyə
çalışırdı. Risklərin ölçüsünün və büdcə həcmlərinin qeyri-müəyyənliyi
səbəbindən dövlətin risklərin idarə edilməsi alətləri bütün riskləri əhatə
etmirdi, istehsalçıların məmnunluğu aşağı səviyyədə idi. Bu da plansız,
qeyri-müəyyən və gözlənilməz böyük büdcə yükü yaradırdı. TARSİM-in yaradılması
istehsalçıların məhsullarının bütün risklərdən qorunması ilə aqrar sektorda
məmnunluğu artırdı. Biz Türkiyədə TARSİM-in əhatə dairəsini proqnozlaşdırıla
bilən şəkildə genişləndirmək üçün fəaliyyətimizi davam etdiririk.

Bundan əlavə, istehsalçılarımızın maliyyələşmə baxımından ehtiyac duyduqları
kreditlərdən istifadə etmələri üçün aqrar sığortanı icbari etməklə, mümkün
risklərə qarşı maliyyə təminatı verən banklara və istehsalçılara zəmanət
veririk. Hazırladığımız və inkişaf etdirdiyimiz bütün alətlər kənd təsərrüfatı
sektorunun TARSİM-ə marağını artırır.

Source link