Tbilisidə Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub – YENİLƏNİB
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 27-də Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi
Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının
təməlqoyma mərasimi keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, tədbirə Azərbaycanın Baş naziri Əli
Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili, yerli ictimaiyyət və media nümayəndələri qatılıblar.
Toplantıda hər iki ölkənin baş nazirləri çıxış ediblər.
Ə.Əsədov bildirib ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli
hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl
şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və
Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək:
“Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının
yeni binasının təməlqoyması məhz bu ilə – Azərbaycan xalqının Ümummilli
Liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir. Heydər Əliyevin bu
mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilib”.
11:30
Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət
Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının
təməlqoyma mərasimi keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli
Əsədov və onun rəhbərlik etdiyi nüməyəndə heyəti, Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili, yerli ictimaiyyət və media nümayəndələri iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ulu öndər
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il Azərbaycan
Respublikasında “Heydər Əliyev İli” elan olunub. Yeni teatr kompleksinin
təməlqoyma mərasiminin Azərbaycan xalqının ümummilli lideri, Gürcüstanın böyük
dostu Heydər Əliyevin 100 illiyinə həsr olunan mötəbər tədbirlər çərçivəsində
keçirilməsi böyük rəmzi məna daşıyır.
Abidə müasir fasadla sintez olunacaq. Eləcə də müasir və qabaqcıl
texnologiyalarla təchiz olunmuş 500-600 nəfərlik tamaşa zalı və interaktiv
ekspozisiya sahəsinin yaradılması planlaşdırılır. Bununla da yüksək texnoloji
imkanları ilə beynəlxalq əhəmiyyətli konfransların, müxtəlif növ sərgilərin
keçirilməsi imkanı yaradılacaq. Teatrın ümumi ərazisi 3 564 kvadratmetrdir.
Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində Tbilisi Dövlət Azərbaycan
Dram Teatrı 1872-ci ilin bu günündə təsis edilib və 1947-ci ilə kimi fəaliyyət
göstərib. Həmin ildə bağlanan teatr 2004-cü ildə ulu öndər Heydər Əliyevin adı
ilə yenidən fəaliyyətə başlayıb.