Paytaxtın Rustaveli prospektində avtomobillərin hərəkəti tam dayanıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, əraziyə xeyli sayda polis cəlb olunub.
Bir azdan aksiyaya “Gürcü marşı” İctimai Birliyinin də qoşulacağı bildirilir.
Aksiya iştirakçıları baş nazir Georgi Kvirikaşvilinin və daxili işlər naziri Qeorgi Qaxariyanın, eləcə də yüksək vəzifəli daha bir neçə şəxsin istefasını tələb edirlər. Aksiyanın səhər daha geniş şəkildə davam edəcəyi bildirilir.
21.40
Tbilisidə parlament binası qarşısında davam edən aksiyanın təşkilatçıları baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağa çağırıblar.
ÇıxışYolu.Com xəbər verir ki, təşkilatçılar baş nazirə bəyanatla çıxış etməsi üçün saat 22:00-a qədər vaxt veriblər.
Əks halda aksiya gecə saatlarında da davam etdiriləcək və çadırlar qurulacaq.
Polis aksiya təşkilatçılarına çadırların qurulmasına icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.
Tbilisi meri Kaxa Kaladze baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış edəcək.
20:03
Tbilisinin mərkəzində etiraz aksiyasının iştirakçıları Gürcüstanın baş naziri Giorgi Kvirkiaşvili və daxili işlər naziri Qeorqi Qaxariyanın istefasını tələb edir.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, təşkilatçılardan biri deyib:
“Baş nazir və daxili işlər naziri istefaya getməyənə qədər əl çəkməyəcəyik. Düşünün! Bu gündən etibarən öz hüquqlarımızı müdafiə edəcəyik. İnanırıq ki, nə festival, nə də sakit aksiyalar əyləncə üçün keçirilmir. Biz narkoman deyilik”.
İştirakçılar həmçinin bu günü “qara cümə” adlandırmağı da tələb edir.
Gürcü polisinin keçirdiyi xüsusi əməliyyat zamanı 70 nəfər saxlanılıb.