b8bdec21-a040-4d5d-9b03-1c6226d6515e..jpg

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO

Baxış sayı: 731 dəfə baxılıb.

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin
rəsmi tərəfdaşlığı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai
Birliyinin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Qərbi
Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu” keçirilib.

Cixisyolu.com xəbər verir ki, Forum iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki
Heydər Əliyev Parkında ucaldılan Azərbaycanın ümummilli liderinin abidəsini
ziyarət edib. Onlar abidənin önünə əklil qoyub və gül dəstələri düzüblər.
Ümummilli liderin xatirəsi dərin ehtiramla yad olunub.
Daha sonra Forum öz işinə başlayıb.

Forumun əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan mədəni
irsimizi əks etdirən foto sərgi nümayiş etdirilib.

Forum Azərbaycan Respublikasının və Gürcüstanın Dövlət Himnləri ilə başlayıb.

Eləcə də ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi
bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

Forumu Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri
Toğrul Allahverdili açıq elan edib.

O, tədbir iştirakçılarını salamlayaraq onları Forumun mahiyyəti ilə bağlı
məlumatlandırıb.

T.Allahverdili söyləyib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan
soydaşlarımız, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımızla Qərbi
Azərbaycana Qayıdış Konsepsiyasını müzakirə etmək, gürcü politoloqların,
tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Səfirliyinin
müşaviri Eldar Bayramov Qərbi Azərbaycana qayıdışla bağlı danışıb. O, bunun
həmin ərazilərdən didərgin düşən azərbaycanlıların haqqı olduğunu bildirib.

Müşavir çıxışında Cənubi Qafqazda yaşayan azərbaycanlıların və gürcülərin
dövlətçilik tarixindən danışıb, ermənilərin bu bölgəyə sonradan köçürülmələrini
sübut edən faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan
Ərəbov deyib ki, Qərbi Azərbaycan qayıdışla siyasi müstəvidə həyata keçirilən
işlər təqdirəlayiqdir. O bildirib ki, bu gün Qərbi azərbaycanlılar öz doğma
tarixi yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyir. O.Ərəbov Prezident
İlham Əliyevinsiyasi qətiyyəti nəticəsində xalqımızın buna da nail olunacağını
vurğulayıb.

Sonra Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü
Naqif Həmzəyev çıxış edib.

O söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni
işğalından azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini
diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin
bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan,
əslində, onların bu cəhdlərinin qarşısını alıb, regionda davamlı sülhün təmin
olunması üçün bütün ilkin zəruri tədbirləri görüb. Bu tədbirlər Qərbi
azərbaycanlıların öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar
inanırlar ki, bu gün heç də uzaqda deyil.

Deputat dost və qardaş Gürcüstanın və gürcü xalqının da regionda sülhün bərpa
olunmasına çalışdığını qeyd edib. Bildirib ki, məhz Azərbaycan, Gürcüstan və
Türkiyə birliyi nəticəsində buna nail olacağıq. KOBİA yanında İctimai Şuranın
sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad
Qaraşov Qərbi azərbaycanlıların doğma yurd-yuvalarına qayıtması onların öz
mənəvi haqqı olduğunu bildirib.

Çıxışlardan sonra Forum iki hissəli panel müzakirələri ilə davam edib.

Birinci panel İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Gürcüstan
Tarixi İnstitutunun dosenti, professor Nikoloz Cavaxişvili moderatorluğu ilə
keçirilib. Paneldə Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov, gürcü
tarixşünas, professor Tengiz Malania və Gürcüstan Azərbaycanlıları Konqresinin
sədri Huseyn Yusubov çıxış ediblər. Onlar “Cənubi Qafqazda sülh quruculuğu və
separatizimə qarşı birgə fəaliyyət” mövzusunda müzakirələr aparıblar.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgərin moderatorluğu
ilə “Gürcüstanın işğal olunmuş ərazilərindən və Qərbi Azərbaycandan məcburi
deportasiya edilmiş şəxslərin geri dönüş prosesi” mövzusunda ikinci panel
keçirilib.

Burada isə politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri,
Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon
Kopadze, jurnalist Ceyhun Məhəmmədəli və Qarabağ qazisi-jurnalist Nahid
Canbaxışlı çıxış ediblər.

Forum sual-cavab sessiyası ilə öz işinə yekun vurub.

Sonda isə ASAP-ın Gürcüstan nümayəndəsi və Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin nümayəndəsi Nəsimi Sadıqlı tərəfindən Forum
iştirakçıları adından beynəlxalq ictimaiyyətə çağırış və Forumunun yekunlarına
dair bəyanat səsləndirilib.

Bəyanat beynəlxalq təşkilatlara və Gürcüstanda fəaliyyət göstərən diplomatik
nümayəndəliklərə göndəriləcək. Forumda çıxış edən məruzəçilərə plaket və Qərbi
Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim edilib.

Source link