266b2471-4366-454c-b87b-9591e0fd168d..jpg

Tbilisidə Qarabağda törədilən ekoloji terrora diqqət çəkmək məqsədilə dinc aksiya keçirilib – FOTO

Baxış sayı: 867 dəfə baxılıb.

Tbilisidə Qarabağda törədilən ekoloji terrora diqqət çəkmək məqsədilə dinc
aksiya keçirilib – FOTO

Gürcüstanda fəaliyyət göstərən bir qrup ictimai fəalın təşəbbüsü və
təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən BMT-nin
ofisi qarşısında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində təbii
sərvətlərin qanunsuz istismarı ilə müşayiət olunan ekoloji terrora etiraz
əlaməti olaraq dinc aksiya keçirilib.

Aksiyada yerli icma təşkilatlarının nümayəndələri, gənclər və tələbələr
iştirak ediblər. İştirakçılar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində
olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarının əleyhinə
çıxış edərək Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına həmrəy
olduqlarını bəyan ediblər.

Əllərində Gürcüstan və Azərbaycan bayraqları tutan aksiya iştirakçıları
“Ekoloji cinayətə son!”, “Ekoloji terrora yox!”, “Azərbaycanın təbii
sərvətlərinin qanunsuz istismarına son!”, “Qarabağın talanmasına son!”, “Erməni
separatçılarının qanunsuz fəaliyyətinə son!”, “Ətraf mühitin terroruna yox” və
s. kimi şüarlar səsləndiriblər.

İctimai fəal Məhəbbət İmanov çıxışında aksiyanın siyasi xarakter daşımadığını
və “Ekoloji cinayətə son” qoyulmasına çağırıldığını vurğulayıb. Aksiyada erməni
separatçılarının Azərbaycanın ekologiyasına vurduğu ziyanın bütövlükdə region
üçün təhlükə olduğunu nəzərə çatdırılıb və BMT nümayəndəliyindən ekoloji
terrora və erməni separatçılarının dağıdıcı xislətinə qarşı beynəlxalq
səviyyədə təzyiq göstərmələri xahiş edilib.

“Biz Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının etirazına öz dəstəyimizi bildiririk.

Qeyd olunan istismar bölgədə gərginliyə təkan verir. Ətraf-mühiti qorumaq hər
bir insanın borcudur.

Biz Gürcüstanda yaşayan azərbaycanlılar olaraq Rusiya sülhməramlılarının
müvəqqəti nəzarəti altında olan ərazidə ekoloji vəziyyətin pisləşməsindən
narahatıq. Buna müvafiq olaraq hava şəraitinin dəyişməsi və su ehtiyatlarının
tükənməsi ilə əlaqədar beynəlxalq narahatlıq fonunda erməni kriminal-oliqarx
qruplar tərəfindən ətraf mühitə vurulan zərər etnik nifrətlə müşayiət olunur və
bu, azərbaycanlılara qarşı yönəldilmiş fobiyadır”, – deyə aksiyada oxunan
bəyanatda bildirilib.

Sonda aksiya iştirakçıları BMT-nin ofisi qarşısında Azərbaycan və gürcü
dillərində bəyanatı oxuyublar. Bəyanat aksiyanın təşkilatçıları tərəfindən
BMT-nin ofisinə təqdim olunub.

Source link