TBMM-də Türkiyə ordusunun Azərbaycanda qalma müddəti daha bir il uzadılıb –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə ordusunun Azərbaycanda qalma
müddəti daha bir il uzadılıb.
Məlumata görə, müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib.
Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə
nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb. Bildirilib ki,
Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və
sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.
Mənbə: Haber Global
11:36
Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə Silahlı Qüvvələrinin
Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsi
müzakirə olunacaq.
“Report” xəbər verir ki, layihəyə əsasən, Türkiyə hərbçilərinin Azərbaycanda
qalma müddəti 2023-cü il noyabrın 17-dən etibarən daha bir il uzadılır.
Qanun layihəsini parlamentə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göndərib.
Layihədə Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi
lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazidəki qeyri-qanuni
rejimin tamamilə ləğv olunduğu, amma Azərbaycanla Ermənistan arasında hələ
yekun sülh sazişinin imzalanmadığı qeyd olunub.
Bildirilib ki, Türkiyə regionda sülh və sabitliyin qorunması üçün töhfələr
verməyə davam edəcək.
Həmçinin qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi uğurla
fəaliyyət göstərir:
“Türkiyə bu mərkəz vasitəsilə də regionun təhlükəsizliyinə və tərəflər
arasında etimad mühitinin yaranmasına töhfə verir”.
Qanun layihəsində yazılıb ki, Türkiyə Silahlı Qüvvələrinin Birgə Monitorinq
Mərkəzindəki fəaliyyəti rəsmi Ankaranın regionda konstruktiv rolunun tələbidir.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin
Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək
səlahiyyəti verib.
2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin
fəaliyyət müddəti bir il uzadılıb.