a2db9356-8371-458b-a1ee-b995c228a078..jpg

Teatr aktyorları aldıqları maaşla dolana bilirlərmi? – SORĞU + FOTO

Baxış sayı: 980 dəfə baxılıb.

Teatr aktyorları aldıqları maaşla dolana bilirlərmi? – SORĞU + FOTO

Bu gün milli teatrımızın 150 illik yubileyidir.

Oxu. Az bu münasibətlə teatrımızın aktyorlarını təbrik edib və onların
güzəranı ilə maraqlanıb. “Bu gün teatr aktyoru aldığı maaşla dolana bilirmi?”,
– sualına sənətkarlarımız bu cavabları veriblər.

Xalq artisti Əli Nur:

“Aktyor maaşı üç-beş gün dolanmağa bəs edir. Biz fanatik olduğumuz üçün bu
işlə məşğul oluruq. Necə ki, vaxtilə Ərəblinski bu fədakarlığı edirdi. Sovet
dövründə elə olurdu ki, aktyor üç-dörd ay maaş almırdı. Əlbəttə, müstəqillik
dövründə bir sıra problemlər də öz həllini tapıb. Baxın, aktyorlar da digər
peşə nümayəndələri kimi hər səhər işə gedir, ancaq onlar digərləri evə
qayıdanda da yenidən işə başlamalı olurlar. Bir sözlə, bu peşənin nümayəndələri
fədakardırlar”.

Əməkdar artist Azad Şükürov:

“Desəm ki, yağ içində böyrək kimi yaşayırıq, yalan demiş olaram. Heç kimə sirr
deyil ki, ən aşağı maaş mədəni-maarif müəssisələrindədir. Düzdür, indi müəyyən
qisim aktyorlar Prezident təqaüdü ilə təmin olunub. Allah ölkəmizin başçısını
qorusun. Biz dövlətin diqqətini hiss edirik. Ona görə də istəmirəm ki, siz
mənim dediklərimi dövlətdən narazılıq kimi qəbul edəsiniz. Sadəcə həqiqət budur
ki, bəzi aktyorlar çox çətinlik çəkir. Xüsusilə də gənclər. Çünki onlar teatrın
maaşı ilə dolana bilmirlər. Bəzilərinin də dublyaja getməyə, başqa işlərlə
məşğul olmağa vaxtı qalmır. Təəssüf ki, teatrda məvacib ürəkaçan deyil”.

Aktrisa Zülfiyyə Qurbanova:

“Açığı, hazırda teatrlarda aktyorların maaşında artım var deyə, əvvəlkinə
nisbətdə vəziyyət yaxşıdır. İnşallah ki, yenə artım olar.

Təəssüf ki, aktyorlar eyni zamanda bir neçə iş görməyə məcbur olurlar.
Dolanışıq normal olsun deyə, gah çəkilişə, gah da dublyaja qaçırlar. Amma yenə
də deyim ki, əvvəlkinə nisbətdə maaşlar normallaşıb”.

Kukla Teatrının baş rejissoru Qurban Məsimov:

“Teatr aktyorları fədaidirlər. Əlbəttə, istərdik ki, diqqət daha çox olsun.
Aktyor öz maaşı ilə özünü təmin edə bilsin. Xüsusilə də evsizlik… Gənc
aktyorlar evsizlik ucbatından ailə qura bilmirlər. Bilirsiniz, insan belə
problemlərə görə narahat olanda sevdiyi işlə də məşğul olmaq çətin olur. Bunu
onlarla adi tamaşa quranda da hiss edə bilirsən”.

Əməkdar artist Hicran Nəsirova:

“Şükürlər olsun ki, son dövrlərdə maaşlarda artım olub. Dövlət tərəfindən
diqqət var. Ancaq bilirsiniz ki, bütün dünyada bahalaşma gedir.

Daha çox diqqət olsun teatra. Yaradıcı adama rahatlıq dinclik lazımdır. O gün
gənc aktyorlar yol pullarını hesablayıb deyirdilər ki, qazandıqlarının nə
qədəri elə yol puluna gedir. Mən şükürlü insanam. Ancaq biri var ki, rahatlıqla
yaşayırsan, biri də var, çırpına-çırpına”.

Source link