Teatr və muzeylərə niyə onlayn qaydada bilet satılmır? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda bir neçə ildir konsert, idman yarışları, muzey və teatr
tamaşalarında iştirak üçün biletlər həm də onlayn qaydada satılır. Onlayn bilet
satışı müasir dünyada vaxta qənaət etməyə, istirahət günlərini öncədən
planlamağa imkan verir.
Lakin hazırda ölkədə onlayn bilet satışını həyata keçirən saytlarda bəzi teatr
tamaşalarına və muzeylərə onlayn qaydada bilet almaq mümkün deyil. Ziyarətçilər
həmin muzeylərə ziyarət edəcəkləri saatda yaxınlaşmalı və ənənəvi qaydada bilet
əldə etməlidirlər. Paytaxtda onlayn şəkildə bilet alıb, ziyarət edə biləcəyimiz
az sayda muzey var.
Teatrlara gəldikdə isə Bakıdakı teatrların hamısına onlayn qaydada bilet almaq
mümkündür.
Yalnız Pantomima Teatrı istisnadır.
Bizim.Media bunun səbəblərini elə teatr və muzeylərin özündən öyrənib.
Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev bizim.media-ya
açıqlamasında yaxın günlərdə bu məsələni həll edəcəklərini deyib:
“Bizim teatrda cəmi 40 tamaşaçı yeri var. Bu, birinci məsələdir. İkinci məsələ
odur ki, teatrın bir balaca problemləri olduğu üçün hələ qoşula bilmirik.
Qoşulmağı düşünürük”.
Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktor müavini Kəmalə Nuriyeva
nazirlikdən bununla bağlı göstəriş gəldiyini bildirib:
“Mədəniyyət Nazirliyindən göstəriş var, hazırda üzərində iş gedir. Nə vaxt
olacağını dəqiq bilməsəm də, qoşulacağımıza əminəm”.
Hüseyn Cavidin ev muzeyindən isə onlayn satışa görə Mədəniyyət Nazirliyinə
özlərinin müraciət etdiklərini qeyd ediblər.
Azərbaycan Milli İncəsənət Muzeyindən hazırda onlayn bilet satışını həyata
keçirən saytla əməkdaşlıq etmədiklərini, müqavilə imzalamadıqlarını
vurğulayıblar.
Müasir İncəsənət Muzeyindən isə onlayn qaydada bilet satışının olmamasını belə
əsaslandırıblar:
“Muzey özəldir, biletlər çap versiyadadır, özəl dizayn olunmuş biletlərdir.
Yəni muzeyin rəsm əsərlərinin fotosu biletin üzərindədir. Həmçinin, bizdə
biletlər standart deyil, uşaq, böyük, tələbə biletləri var və biz onları
yoxlanış əsasında keçiririk”.