Teatrdakı 332 minlik mənimsəmə ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Pantomima Teatrında mənimsəmə edən
əməkdaş barədə açıqlama verib.
Qurumdan Cixisyolu.com-a bildirilib ki, teatrda 2019-cu ildən mühasib vəzifəsində
çalışmış Kərimova Aytən Ceyhun qızı 2023-cü ilin yanvar ayında işində yol
verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib:
“Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü
maddələri ilə cinayət işi başlanılıb. İstintaq tamamlanıb və baxılması üçün
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlum olub ki, Aytən Kərimova
mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə
ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da
Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə
vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla
qorunan mənafelərinə mühüm zərər vurulub”.
17:00
Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən
Kərimova cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xanım mütəxəssis 332 min manat
mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci
(mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb,
barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla
Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.
İlhamə Əbülfət