TƏBİB: “Məktəb və uşaq bağçalarında nəzarət-profilaktik tədbirlər davam
etdirilir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət
göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb
müəssisələrinin tibb işçiləri (həkim və tibb bacıları) tərəfindən paytaxt
ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrində
nəzarət-profilaktik tədbirləri, tibbi müayinələr davam etdirilir.
TƏBİB-dən verilən məlumata görə, bu proses uşaqların yoluxucu infeksion
xəstəliklərdən qorunması və bu xəstəliklərin onlar arasında yayılmasının
qarşısının alınması məqsədi ilə həyata keçirilir.
Qeyd olunub ki, bu məqsədlə ümumtəhsil və məktəbəqədər tədris müəssisələrində
filtrlərin (termometriya aparılması) fəaliyyəti, əks-epidemik və dezinfeksiya
tədbirləri həyata keçirilir:
“Şagirdlər tədris müəssisələrinə daxil olan zaman ilk növbədə giriş hissədə
onların hərarəti ölçülür, şagirdlər arasında hərarəti normadan artıq olanlar
aşkarlandığı halda təhsil müəssisələrində fəaliyyət göstərən tibb işçiləri
tərəfindən nəzarətə götürülür, onların tədris prosesinə cəlb olunmasının, digər
uşaqlarla təmasda olmasının qarşısı alınır. Sağlamlıqları ilə bağlı hər hansı
şübhəli vəziyyət aşkar olunan şagirdlərə həkim baxışı həyata keçirilir. İlkin
müayinələrdən sonra ehtiyac yaranarsa, həmin şagirdlər aidiyyəti üzrə ilkin
səhiyyə xidməti göstərən tibb müəssisələrinə yönləndirilir. Habelə, yoluxucu
xəstəliklərin aşkar olunduğu hər bir təhsil müəssisəsində dərhal dezinfeksiya
tədbirlərinin həyata keçirilməsi, şübhəli şəxslərlə təmasda olan şəxslərin
müvafiq tibb işçiləri tərəfindən müayinə və müşahidə aparılması işinin
gücləndirilməsi həyata keçirilir”.