Dünən İranın xaricdəki ilk ticarət mərkəzi İrəvanda açılıb. Açılış mərasimində
İranın Ermənistandakı səfiri Mehdi Sobhani və Ermənistanın iqtisadiyyat naziri
Gevork Papoyan iştirak ediblər.
Cixisyolu.com-a məsələ ilə bağlı fikirlərini bildirən iqtisad üzrə fəlsəfə doktoru
Elşən Bağırzadə qeyd edib ki, İran hətta Azərbaycan torpaqları işğal altında
olduğu zaman belə öz mənfəətini düşünüb:
“Son 34 illik dövrə nəzər salsaq, biz Ermənistanla İran arasında iqtisadi
münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, Tehranın davamlı şəkildə
İrəvana dəstək verdiyini görə bilərik. Bu vəziyyət hər iki Qarabağ müharibəsi
dövründə, onlardan əvvəl və sonra da dəyişməyib. Hətta Vətən müharibəsindən
sonra daha da güclənib. Uzun illərdir ki, Ermənistanın həm Türkiyə, həm də
Azərbaycanla quru sərhədləri bağlıdır. İran isə Ermənistan üçün iqtisadi
nəfəslik rolunu oynayır”.
Alim İranın Ermənistanın hər zaman ondan asılı olmasını istədiyini,
Hindistanla rəsmi İrəvan arasında vasitəçilik etdiyini qeyd edib:
“İranda ABŞ və Fransadakı qədər olmasa da, fəal erməni diasporu var. Diaspor
nümayəndələri arasında Ermənistana və işğal dövründə qeyri-qanuni şəkildə
Qarabağa sərmayə qoyan varlı şəxslər mövcuddur. Rəsmi Tehran, eyni zamanda,
İrəvanla Delhi arasında ticarət yolunun açılmasında həm vasitəçi, həm də
tranzit ölkə rolunu oynayır. Azərbaycan üçün təhlükəli məqam isə Hindistandan
göndərilən silah və hərbi texnikanın İran üzərindən Ermənistana ötürülməsidir.
İkinci Qarabağ müharibəsindən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib
Ərdoğan “3+3” regional əməkdaşlıq formatını təklif etdilər. 10 noyabr Üçtərəfli
Bəyanatında Zəngəzur dəhlizinin açılması nəzərdə tutulub. Bakı və Ankara dövlət
başçıları səviyyəsində dəfələrlə Zəngəzur dəhlizinin açılmasının bütün qonşu
dövlətlərə fayda verəcəyini izah etsələr də, İran buna qarşı çıxıb və
sərhədlərin toxunulmazlığını özünün “qırmızı xətti” elan edib. Amma burada
qətiyyən Ermənistanın ərazi bütövlüyünün pozulmasından söhbət getmir. Görünən
odur ki, İran həm də Ermənistanın ondan asılılığının davam etməsində maraqlıdır.
Əlbəttə, baş verən proseslərin siyasi səbəbləri də var. Azərbaycan da öz
növbəsində bu dəstəyin qırılması istiqamətində bir sıra addımlar atır. Bununla
bağlı işlər daha da gücləndirilməlidir. Fikrimcə, İranın da Azərbaycan və
Türkiyə ilə əlaqələrini gücləndirməsi, Zəngəzur dəhlizinin açılması həm özü,
həm də Ermənistan üçün daha faydalı olar”.
Söhrab İsmayıl