Rusiya məhkəməsində “Telegram”ın hüquqlarını qoruyan vəkil Pavel Çikov, sosial şəbəkənin təsisçisi Pavel Durovun guya, Federal təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikova dəmir açar ötürdüyünü əks etdirən şəkil paylaşıb.
ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, Moskvanın “Teleqram” rəhbərliyindən tələb etdiyi kodlaşma açarlarını simvolizə edən həqiqi dəmir açarların ərizənin üzərindəki fotosu vəkilin rəsmi kanalında dərc olunub.
Ərizəni Bortnikov təsisçi Pavel Durovun adından yazıb. Orada təsisçi guya, federal qanun və terrora qarşı qanunverici aktların tələblərini yerinə yetirdiyini bildirir.
“Ən xoş arzularla Sizə “Telegram” messencerinin açarlarını (iki ədəd) göndərirəm” deyə Durovun saxta məktubunda deyilir.
Habelə məktubun sosial şəbəkələrdə yayılmasından sonra jurnalistlər Çikova məsələ ilə bağlı müraciət edib və vəkil bildirib ki, şəkil naməlum müəllifə məxsusdur və həqiqəti əks etdirmir.
Xatırladaq ki, aprelin 6-da, “Roskomnadzor”un nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək, Rusiyada “Telegram Messenger”nin bağlanmasını tələb edib.
Buna səbəb şirkətin şəxsi ismarıcların deşifrələnməsinə imkan verən kodlaşma açarlarını Moskvaya təqdim etməkdən imtina etməsidir.
Rusiyanın Federal təhlükəsizlik xidməti, kodlaşma açarlarını dövlətə qarşı terror və cinayət əməlləri planlaşdıran şəxslərin yazışmalarını ələ keçirmək, terrorçuları ifşa etmək üçün istədiyini açıqlayıb.