Azərbaycana səfər etmək hər zaman böyük məmnunluq doğurur. Mən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xalqınızı təbrik edirəm.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, bunu bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Baronessa Emma Nikolson deyib ki, Azərbaycan 100 il əvvəl qadınlara səsvermə hüququ verib:
“Mən bununla bağlı sabah keçiriləcək tədbirdə də iştirak edəcəm”.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi ilə bağlı atılmış mühüm addımdır:
“BP və SOCAR növbəti saziş imzalayıb. Bu əməkdaşlıq ölkələrimizə daha böyük fayda gətirə bilər. Bu baxımdan, Böyük Britaniya ticarət əlaqələrinə xüsusi diqqət yetirir”.
Daha sonra o, Böyük Britaniya baş nazirinin təbrik məktubunu oxuyub.
Təbrik məktubunda bildirilir ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi, eyni zamanda, Xəzər Neft-Qaz Sərgisinin 25 illiyidir.
“Neft-qaz gəlirləri Azərbaycanı müasir ölkəyə çevirib. BP-nin bu məsələdə rolu ilə fəxr edirəm. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” tarixi dönüş oldu. Biz tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik.
Bu baxımdan, aprelin 26-da prezident İlham Əliyevi Londonda görməkdən, Hasilatın Pay Bölgüsü üzrə 6-cı sazişin imzalanmasına şad olduq. Neft-Qaz Sərgisinin iştirakçılarına da uğurlar arzulayıram”.