d4e4e072-fc4f-4707-8f5b-05e44f225d1d..jpg

Terrorun nə milləti olur, nə də dini…

Baxış sayı: 581 dəfə baxılıb.

Terrorun nə milləti olur, nə də dini…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır…

Neçə gündür baş verən hadisənin təsirindən çıxa bilmirəm. Əvvəla onu qeyd edim
ki, mən heç bir günahsız insanın ölümünə sevinə bilmərəm və bilmirəm.

Dinindən, irqindən, millətindən asılı olmayaraq, əgər bu legitim hədəf
deyilsə, deməli bu qətliamdır. Günahsız insanların öldürülməsi və qətlidir.

Bir neçə gün əvvəl Rusiyanın Moskva vilayətində “Crocus City Hall”da törədilən
amansız terror nəticəsində sadə və günahsız insanlar həyatlarını itirdilər.
Təsəvvür edin ki, bir ailə uşağı və həyat yoldaşı ilə konsertə, istirahətə
gedir və onu konsert yerinə ölüm dramı, faciəsi gözləyir. Özü də, özünümüdafiə
etmək üçün heç bir şans, imkan verilmədiyi halda.

Dəhşətli terrordan sonra statistika, ölən və yaralananların sayı tədricən
rəqəmlərə keçsə də, faktlar insanlığı üzməkdə davam edir.

“Crocus City”nin ayaqyolunda yanğından sonra xilasedicilər həyatlarını itirən
ana və uşaqların cansız bədənini taparaq növbəti insan faciəsini üzə çıxartdı.

Analar övladlarını qucaqlayıb, bağrına basaraq sanki xilas etmək istəyiblər,
lakin terror nə anaya, nə də balaya rəhm etməyib. Hamısını öz qurbanına
çevirib. Düşünəndə ki, görəsən o vəhşətin içində köməksiz və ümidsiz qalan
analar balalarını hansı fikirlə bağırlarına basıblar, hansı sözləri onlara
pıçıldayıblar, hansı duaları ediblər adamı dəhşət bürüyür…

Və bir daha anlayırsan ki, ananın milləti, dini, irqi olmur. Ana dünyanın hər
yerində anadır. Eyni sevgi ilə övladını sevir, övladını itirərkən isə bütün
dünyanın anaları eyni fəryad edirlər…

Hadisə ilə bağlı detallar açıldıqca, üzə çıxdıqca bir anlıq düşünürsən ki,
Allaha min şükür olsun, nə yaxşı ki, bizdə əmin-amanlıqdır. Nə yaxşı uşağımızı
rahat küçəyə buraxa bilirik, nə yaxşı özümüz rahat həyət-bacaya çıxa bilirik.
Bəs bu əmin-amanlığın arxasında kimlər durublar?

Hansı anaların balaları gecə-gündüz keşik çəkir ki, xalqın ana və balaları
gecə rahat yatsın? Hansı analardır ki, gecə-gündüz dua edir ki, keşik çəkən
oğullarını Allah qorusun?

Əslində insan övladı belə xəlq olunub. Bir şey əlində olanda onun fərqinə
varmır, düşünür ki, elə belə də olacaq. Azərbaycanın terror hadisələri bağlı
çox faciəli və ağır xatirələri var.

Ona görə də, bu gün dövlət, dövlətçilik bütün qüvvəsini ona sərf edir ki,
Azərbaycanda belə, bu qəbildən hadisələr yaşanmasın.

Heç kimə də sirr deyil ki, son dövrlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həm
II Qarabağ savaşında, həm də ondan sonrakı dövrdə Azərbaycanda sabitliyin
bərqərar olması üçün misilsiz xidmətlər göstərib.

İstər bir zamanlar Qarabağda fəaliyyət göstərən qondarma respublikanın
prezident və nazirləri olsun, istərsə də Azərbaycan üçün təhdid yarada bilən
istənilən şəxslər olsun, sonunda özlərini qandalda görürlər. DTX əməkdaşlarının
vurduğu qandalda.

Mən həmişə deyirəm ki, biz müharibə uşaqlarıyıq. Biz aclıq, səfalət, hər gün
şəhid dəfnləri, yiyəsizlik görmüşük. Biz qadınların boynundan, qulağından
qoparılmış zinət əşyalarının oğrular tərəfindən aparılmasını görmüşük…

Bu gün isə ölkəmiz möhkəm dövlətçilik sütunları üzərində durub və yüksəlir.

Elə bir neçə gün əvvəl DTX növbəti rezonansa səbəb olan əməliyyat keçirdi və
Azərbaycanda terror törətməyə cəhd edən şəxsləri – Bəhruz Əskərovu və Aslan
Qurbanovu yaxaladı. Onlar ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali
arasında vahimə yaratmaq, bu yolla dövlət hakimiyyət orqanlarına təsir
göstərmək tapşırığı alaraq onun icrasına hazırlaşırdılar.

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan
şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin
başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi
rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici
ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Bu da Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk
şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Bəhruz…

Bu hələ bizimkidir. Əslində isə terrorun nə milləti olur, nə də dini. Sadəcə
adama pis gəlir ki, ay Bəhruz, axı sənin yaxınların bu ölkədə yaşayırlar,
baba-nənənin məzarı da buradadır!

Və bu hələ bizim bildiyimiz bircə faktdır. Gün ərzində nə qədər belə
hadisələrin qarşısını alır müvafiq qurumlar. Neçəsini elə beşikdə məhv edir.
Məhv edir ki, bizim balalar rahat yatsınlar.

2023-cü ildə Azərbaycan tam suveren ərazilərini bərpa etdi və ona qarşı olan
təhdidlər daha da çoxaldı. Biz hər gün bunun şahidi oluruq. Gah Avropa
İttifaqı, gah da ABŞ açıq, və ya gizli ifadələrlə Azərbaycanı təhdid edir,
şantaj dilində danışır. Bir anlıq düşünün ki, bunlar sadəcə havaya buraxılan
söz deyil, havaya buraxılan uzaqmənzilli raketlərdir, təhlükədir.

Ölkəmiz isə bütün mümkün olan imkanlar və mümkün olmayan vasitələr sayəsində
dövlətimizi qoruyur, bizi qoruyur.

Bəzən də, ən sərt tədbirlərə əl atır. Quru sərhədlərin hələ də bağlı qalması
kimi. Sərhədlərin bağlı qalmasına məhz belə hadisələr baş verərkən başqa cür
yanaşırsan, başqa cür təhlil edirsən.

Dünyada baş verən vurhavurdan sağ çıxmaq balaca lakin qürurlu Azərbaycan üçün
asan deyil . Hər gün mücadilə, hər gün mübarizədir.

Azərbaycan isə bütün mümkün və qeyri-mümkün səylərin nəticəsində hər zaman
azad olmalıdır. Min il sonra da, azad və müstəqil olmalıdır. Çünki bu azadlıq
və müstəqillik üçün qan və can vermişik. Minlərlə şəhid vermişik. Minlərlə ana
bağrına daş basıb yaşamağa davam edir.

Buna görə də dövlətimizi qorumaq hər birimizin borcudur. Ana balasını qoruyan
kimi, ölkəmizi bağrımıza basmalıyıq!

Source link