Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirində VII tur davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heç-heçə oynayıb.
Partiyadan sonra Teymur Rəcəbov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:
“Şəhriyarla dəfələrlə müxtəlif yarışlarda qarşılaşmışıq. Son zamanlar oyunumuz heç-heçə yekunlaşır. Heç-heçələrin sayını bilmirəm. Çünki statistika ilə maraqlanmıram. Adətən, rəqibə qarşı hazırlaşırıq.
Şəhriyarla uzun illərdir, Azərbaycan millisində çıxış edirik. Bir-birimizi çox yaxşı tanıyırıq. Əlbəttə, bəzən mötəbər yarışlarda rəqib oluruq, amma bu, bizim münasibətə mane olmur”.
Teymur Rəcəbov bəzən şahmatda rəqibin məğlubiyyəti qəbul edə bilməməsi barədə danışıb:
“Şahmatda bəzən məğlub tərəf nəticəni qəbul edə bilmir. Hansı turnir olduğu yadımda deyil, bir dəfə qələbə qazanandan sonra məğlub olan rəqibim göz yaşlarını saxlaya bilməmişdi. Bu hal mənə çox pis təsir etmişdi.
Qələbə qazananda sevindiyin kimi, məğlubiyyət zamanı pis olursan. İstənilən şəraitdə özünü ələ almağı bacarmalısan”.
S.T.
www.ÇıxışYolu.Com