Teymur Tkaçenko: “Ümidvaram ki, Ukraynada daha çox azərbaycanlı dövlət
işlərində iştirak edəcək” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ukraynada Prezident Volodimir Zelenskinin təklifi ilə yeni yaradılan və
strateji əhəmiyyətli dövlət sahələrini əhatə edən Strateji Sənayelər
Nazirliyində nazir müavini postuna bu günlərdə azərbaycanlı gənc, 34 yaşlı
Teymur Tkaçenko (Məmmədov) təyin olunub. Onun kurasiya edəcəyi sahə strateji və
önəmlidir, sığınacaqların təşkili ilə bağlıdır. Ötən il bu sahədə ciddi
nöqsanlar və problemlər aşkarlanıb. Teymur Məmmədov 90-cı illərdə ulu öndər
Heydər Əliyevin tövsiyəsi ilə Ukraynada Azərbaycan diasporunun quruculuğunda
fəal iştirak edib. O, Ukrayna rəhbərliyi tərəfindən bir neçə dəfə təltif
olunan, ilk prezident Leonid Kravçukun şəxsi dostu mərhum Firudin Məmmədovun
oğludur.
“Report”un Şərqi Avropa bürosu azərbaycanlı nazir müavinin evində olub, ailəsi
və özü ilə söhbətləşib. Azərbaycanlı nazir müavini bu ölkədə keçdiyi karyera
yolundan da bəhs edib:
“Mən Teymur, ata soyadım ilə Məmmədovam. Azərbaycanlıyam, Kiyevdə anadan
olmuşam. Anam ukraynalıdır. Atam bu yaxınlarda vəfat edib. O, həyatını
Ukrayna-Azərbaycan münasibətlərinə həsr edib. Ukraynada Azərbaycan
həqiqətlərini yaymağa çalışıb. Mən Firudin Məmmədovun oğlu olmaqla fəxr edirəm.
Atam Ukraynada azərbaycanlıların diasporunun qurulmasında bütün mümkün işləri
görüb. Təqaüdə çıxdıqdan sonra azərbaycanlı diaspor nümayəndələrinə biznes
məsləhətləşmələri verməklə məşğul olub. Bütün vaxtını azərbaycanlılarla,
diasporla işləməyə həsr edib. Əmək fəaliyyətimə 2012-ci ildə Kiyev şəhərinin
rayonlarından birində kiçik bir kommunal müəssisədə işləməklə başlamışam.
Həmişə atam kimi dövlət sektorunda işləmək istəmişəm, çünki onun ünsiyyət tərzi
çox xoşuma gəlirdi. İnsanların problemlərini necə həll etdiyini izləməyi
xoşlayırdım və mənə elə gəlirdi ki, mən də bunu bacararam. Bu mənim üçün bu
istiqamətdə irəliləməyə imkan verən yaxşı bir təcrübə idi. Daha sonra bir
müddət Ukraynada ixrac və yerli istehsalla bağlı müxtəlif məsələlərlə məşğul
olmuşam. 2013-cü ildə İqtisadiyyat Nazirliyində tenderlər üzrə sahədə işimi
davam etdirdim. Bu müəssisədə Ukraynada 2014-cü il inqilabına qədər işləmişəm.
Sonra bu müəssisəni tərk etdim. Bu sahədə işləmək istəmədim. Məni 2012-ci ildə
köməkçisi olduğum deputat yanına dəvət etdi. Siyasi sahədə də çalışdım. Vitali
Kliçkonun partiyası ilə müəyyən əlaqəm oldu. Onunla bir komandada işləmişəm.
Ali Radanın deputatı, vaxtilə strateji sənaye naziri vəzifəsində çalışmış
Pavel Ryabikinin köməkçisi-məsləhətçisi vəzifəsində işləmişəm. Hazırda o,
Ukraynanın Çindəki səfiri vəzifəsində çalışır. 2014-cü ildə məni dövlət
administrasiyasına dəvət etdilər. Kiyevdə rayonların birinin rəhbəri, deputatı
kimi çalışdım. Volodimir Zelenski prezident olduqdan sonra mən vəzifəmi
dəyişdim. Nazirlər Kabinetinin Şəhərsalma Departamentində şöbə müdiri
vəzifəsinə qədər yüksəldim. İndi Prezident Ofisinin müşaviri vəzifəsində
çalışan Aleksey Kuleba o vaxt Kiyev administrasiyasında şöbə müdiri idi. Mən
onun birinci müavini oldum. Daha sonra Kiyev meri Vitali Kliçkonun birinci
müavini oldum. Onun sərəncamı ilə şəhər administrasiyasının Şəhərsalma
Departamentinin direktoru vəzifəsinə keçdim.
Hazırda isə yeni yaradılan Strateji Sənayelər Nazirliyində nazir müaviniyəm.
Müharibə şəraitində sığınacaqlarla bağlı sahə mənə həvalə olunub. İyun ayındakı
faciə bu sahədə ciddi problemləri üzə çıxardı. Belə ki, hava hücumları zamanı
insanlar sığınacaqlara girə bilmədilər. Onların çoxu istifadəsiz halda
qalmışdı. Ölkədə sığınacaq problemi strateji məsələyə çevrilib. Vilayət
orqanlarında təcrübəm olduğu üçün bu vəzifəyə dəvət olundum. Burada insanlarla
kommunikasiya və əlaqələr qurmaq, işlərin gedişatını izləmək çox vacibdir.
Bizim əsas vəzifəmiz ölkəboyu sığınacaqların hazırlanmasıdır. Prezidentin
hazırda qarşıya qoyduğu vəzifə bütün insanlar üçün 100 faizlik sığınacaqların
hazırlanmasıdır. Strateji Sənaye Nazirliyində bu məsələ ilə məşğul oluram”.
“Ukraynaya göstərdiyi dəstəyə, tutduğu mövqeyə görə Azərbaycana minnətdaram.
Mən bilirəm ki, bu gün bizə çoxlu yardım edilir. Bu müharibənin mümkün qədər
tez və Ukraynanın qələbəsi ilə başa çatacağına ümid edirəm. Çox təəssüf ki, ata
vətənim Azərbaycanda bir neçə dəfə olmuşam. Ora çox xoşuma gəldi. Atam Şəmkir
rayonundandır. Lakin mən orada hələ olmamışam. Orada olmağı çox istərdim.
2022-ci ildə getmək istədim, müharibə başladığından arzum reallaşmadı. Atam
Azərbaycandan tez-tez bəhs edir, oranın təbiətinin gözəl olduğundan danışardı.
Azərbaycan mətbəxi çox xoşuma gəlir. Əlbəttə ki, Azərbaycana daha çox səyahət
etmək istəyirəm. Mənim azərbaycanlı dostlarım var. Ukraynalılarla
azərbaycanlılar dostdurlar. Ümid edirəm ki, daha çox azərbaycanlı Ukraynanın
dövlət işlərində iştirak edəcək”, – deyə T.Məmmədov bildirib.
Azərbaycanlı nazir müavinin xanımı: “O, bir ər kimi qısqancdır”
Qeyd edək ki, ailəli olan Teymur Məmmədovun bir qız övladı var. Onun həyat
yoldaşı Anna Məmmədova da Azərbaycanı və azərbaycanlıların fəaliyyətini
yaxından izlədiyini deyib:
“Teymurla universitet illərində tanış olduq. O, məni gördü və dedi ki, “sən
mənim olacaqsan”. Bu, əsl Azərbaycan kişisinin xarakterinə uyğun idi. Teymur
bütün həyatı boyu qətiyyətli addımlar atıb. Onun bu xüsusiyyətini çox sevirəm.
Bizim münasibətlərimiz birdən yarandı. Mən ukraynalı, Teymur isə başqa
millətdən olduğu üçün əvvəl mənə bir az çətin idi. O, bir ər kimi qısqancdır.
Bir sözlə, Şərq xarakterinə mənsub olan kişidir. İlk vaxtlar bu, mənim üçün
yeni bir şey idi. Sonra öyrəşdim. Doğrudur, bununla bağlı hər hansı problemimiz
yox idi. Onun atası Firudin Məmmədov qonaqpərvər, çoxlu dostu olan insan idi.
Onun bu xüsusiyyətləri Teymura da keçib. Fikrimcə, Azərbaycanın ənənələrindən
biri çox sayda insanı bir yerə toplamaq, qonaqpərvərlikdir.
Teymur yaşadığı mühitə də uyğun formalaşıb. O, bu xüsusiyyətləri özündə
daşıyır. Əlbəttə ki, bununla da fəxr edirəm. Atası Firudin Məmmədov Azərbaycan
haqqında çox danışardı bizə. Bizə Azərbaycanın təbiətindən, bu ölkənin gözəl
yerlərindən bəhs edərdi. Ukraynadan Azərbaycan üçün darıxdığını deyirdi.
Firudin dayı, tək Azərbaycan mətbəxi barədə danışmırdı, həm də milli
yeməklərinizi özü hazırlayırdı. Məsələn, plovu nümunə göstərmək olar. Bizim
toyumuzda o bunu sürpriz etdi və yüz nəfərlik qonağı üçün Azərbaycan plovu
hazırladı. Bizim bir qızımız var. Onun adı Alisadır, 5 yaşı var. Xarici
görüşünə, həm də xarakterinə görə atasına daha çox oxşayır.
Teymurla qürur duyuram. Onun necə zəhmət çəkdiyini görürəm. Qazandığı
nailiyyətlər yalnız onun əməyinin nəticəsidir. Əlbəttə ki, çətindir, çünki
hazırkı ölkədə vəziyyətə görə evə gec gəlir. Amma mənim üçün bu dəqiqələr də
çox qiymətlidir”.
“10-dan çox azərbaycanlının ölkənin müxtəlif bölgələrində yerli seçkili
orqanlara seçilib”
Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev deyib ki, son
illər ölkədə etnik xalqların, o cümlədən azərbaycanlıların administrativ və
seçkili orqanlarda fəallığı artıb. O, son illər 10-dan çox azərbaycanlının
ölkənin müxtəlif bölgələrində yerli seçkili orqanlara seçildiyini bildirir:
“Ukrayna çoxmillətli dövlətdir. Bəziləri iddia edirdilər ki, Ukraynada
millətçilik geniş yayılıb. Amma bu, doğru deyil. Ukrayna Prezidenti Volodimir
Zelenski yəhudi, müdafiə naziri Rüstəm Umerov isə Krım tatarıdır. Digər etnik
xalqların nümayəndələri Ukraynanın ictimai-siyasi həyatında fəal şəkildə
iştirak edə bilər. Ukraynada etnik azərbaycanlılar da müxtəlif vəzifələrdə
çalışırlar. Buraya Energetika Nazirliyi, Strateji Sənaye Nazirliyi və s.
daxildir. Yeri gəlmişkən, bu yaxınlarda Teymur Məmmədovun nazir müavini təyin
olunması buradakı azərbaycanlıları üçün stimul oldu. O, uzun illərdir ki,
qarşısına qoyulan vəzifələri uğurla həyata keçirir. Teymur bizim ölkəmiz üçün
lazım olan layihələri həyata keçirir. Xüsusilə də müharibə dövründə. Bu nümunə
Ukraynanın çoxmillətli, multikultural dövlət olduğunu bir daha təsdiqləyir”.
Qeyd edək ki, Teymur Məmmədov müharibə dövründə Ukrayna hökumətində yüksək
posta təyin edilən ilk azərbaycanlıdır.