d56425de-667f-4c24-a2b0-a034db70bf8f.jpg

“The European Conservative”: Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır

Baxış sayı: 397 dəfə baxılıb.

Bayden adminstrasiyasının Ermənistanı Azərbaycana qarşı yeni təxribata çəkməsi
həm Nikol Paşinyan hökumətinin məğlubiyyətinə, həm də ABŞ-nin regiondan
qovulmasına gətirib çıxaracaq.

“Report” xəbər verir ki, bu fikirlər “The European Conservative” nəşrində dərc
olunan “Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır” adlı
məqalədə yer alıb.

Məqalədə deyilir ki, Ermənistanda repressiyaların və polis zorakılığının
artması fonunda Bayden administrasiyasının Nikol Paşinyanı açıq şəkildə
dəstəkləməsi mübahisəli məqamlar doğurur. ABŞ ilk növbədə, burada istər-istəməz
tələyə düşür. Ermənistan 2020-ci ildən hərbi və iqtisadi cəhətdən ciddi şəkildə
zəifləyib və Paşinyan hələ də ölkədə vəziyyətin yaxşılaşmasına nail olmayıb,
əksinə ölkədə siyasi böhran, təqiblər və çəkişmələr gündən-günə artmaqdadır.
Belə olan halda Azərbaycanla yeni qarşıdurma Ermənistanı növbəti hərbi
uğursuzluğa və humanitar fəlakətə apara bilər.

Paşinyan hökumətinin Rusiyadan uzaqlaşmaq üçün verdiyi bəyanatlar sadəcə tüstü
effektindən başqa bir şey deyil. Reallıq ondan ibarətdir ki, Ermənistan
Rusiyanın rəhbərlik etdiyi alyansın üzvü olaraq qalır və öz ərazisində Rusiya
hərbi bazasını saxlayır.

Faktiki olaraq Ermənistan əks yol tutub, Rusiyanın Ukrayna ilə bağlı
sanksiyalardan yan keçə bilməsi üçün təkrar ixracın əhəmiyyətli dərəcədə
artmasına şərait yaradıb. İsveçrədə keçirilən Qlobal Sülh Sammitində Ermənistan
nümayəndəsi Ukrayna ilə bağlı yekun bəyannaməni imzalamaqdan imtina edib.
Üstəlik, Rusiyanı sevindirəcək və ABŞ və onun müttəfiqlərinin bir çoxunu
narahat edəcək bir addımla Ermənistan 21 iyun 2024-cü ildə Fələstin Dövlətini
tanıyıb. Nəhayət, Paşinyan oktyabrda Rusiyanın Kazanda keçiriləcək BRİKS
sammitində iştirak edəcəyini açıqlayıb.

ABŞ-nin isə Paşinyan hökumətinin öz ölkəsinə və xalqına qarşı destruktiv
meyillərini dəstəkləməsinə nəyin haqq qazandıra biləcəyi bəlli deyil. Hakim
partiyanın ümumi bəyənmə reytinqi olduqca aşağıdır. Paşinyanın sərhədin
demarkasiyası ilə bağlı son mübahisəli addımlarından əvvəl mart ayında
Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğuda seçicilərin yalnız 13
%-nin ona etimad göstərdiyi məlum olub. Daha pisi odur ki, hakim partiyanın
namizədi 2023-cü ilin sentyabrında İrəvanın meri seçkilərində cəmi 8 % səs
toplayıb.

Hazırda Bayden administrasiyası ölkənin müdafiəsində ən zəif bənd olan
Paşinyana kömək etməyə çalışır. Paşinyan Amerika rəsmiləri qarşısında özünü
qərbyönlü siyasətçi kimi göstərsə də, onlar baş naziri Rusiyadan ayrılmaq üçün
sistemli dəyişikliklər etməkdə çox səriştəsiz sayırlar.

Bəs niyə Bayden administrasiyası Ermənistanı itirmək riski ilə üzləşir?
Amerikalı diplomatlar bilirlər ki, Ermənistan ordusu 2020-ci ildən bəri faktiki
olaraq məhv edilib.

Əhalisi iki milyondan az olan kiçik bir ölkə üçün otuz mindən çox polis
toplanıb ki, bu da yəqin ki, Ermənistanı adambaşına görə regionun ən polis
dövləti edir, maaşları və mükafatları müəllimlərin, elm adamlarının maaşından
qat-qat artıqdır. 2024-cü ilin may ayından etibarən ölkədə ümummilli etiraz
hərəkatı Paşinyanın istefasını tələb edir. İyunun 12-də Ermənistanın xüsusi
təyinatlıları dinc etirazçılara və jurnalistlərə qarşı səs-küylü
qumbaraatanlardan istifadə ediblər. Nəticədə 80-ə yaxın etirazçı və jurnalist
yaralanıb, onlarla insan saxlanılıb. Etiraz hərəkatının liderlərindən biri,
jurnalist Abraham Qasparyan həbsdə olarkən polis tərəfindən qaçırılıb və
vəhşicəsinə döyülüb. Hakim partiyanın deputatı və oliqarx Xaçatur Sukiasyan
müxalifətçi həmkarlarını hədələyib: “Əgər özünüzü yaxşı aparmasanız… ya
həbsxanaya düşəcəksiniz, ya öləcəksiniz, ya da əmlakınız əlindən alınacaq”.
Etiraz hərəkatını dəstəkləyən özəl müəssisələr gözlənilməz vergi yoxlamalarına,
o cümlədən kompüterlərin və digər avadanlıqların müsadirə edilməsinə məruz
qalıblar.

Qəribəsi odur ki, faciəli hadisələrdən 24 saatdan az bir müddət əvvəl ABŞ
Dövlət Departamenti Blinkenin köməkçisi Ceyms O’Brayenin səfərindən sonra polis
islahatını tərifləyən bəyanat yayıb. Onun ABŞ-nin İrəvandakı səfirliyindəki
həmkarları isə həqiqətdən daha da uzaq idilər, çünki bəyanatlarında iyunun
12-də baş verənlərə görə etirazçıları günahlandırdılar və onları
cinayətkarlarla eyni səviyyəyə qaldırdılar.

Bayden administrasiyası Paşinyanı dəstəklədikcə, Ermənistan və onun əhalisi
üçün fəlakətli nəticələrə səbəb olacaq siyasəti davam etdirir. Bu, Ermənistanı
növbəti məğlubiyyətə hazırlayır və çox güman ki, ABŞ-nin regiondan qovulmasına
gətirib çıxaracaq.

Source link