“Müharibə mənim üçün artilleriyanın səsi ilə başladı. Öz ixtisasımla əlaqədar
nə qədər ağır xəstələr görsəm də, kütləvi yaralı görməmişdim mülki həyatda. Bir
qəlpə insanın beyninin yarısını aparsın, bağırsaqlarının yarısı çölə tökülsün,
bir ayağı qoparıb aparsın – belə şeyləri mülki həyatda görməmişdim. Ona görə
həm də bu gözlənilməzliklərlə başladı müharibə. Ağdamda bir üstün cəhətimiz o
idi ki, bizim istiqamətdə hücum yox idi. Artıq ilk saatdan anladıq ki,
komandanlığın taktikası bu şəkildədir. Bizim tərəfdə, əsasən, artilleriya
savaşı gedirdi və gözləntimiz də daha çox qəlpə yaraları idi”.
Bunu Cixisyolu.com-a videomüsahibəsində Vətən müharibəsində tibb xidməti kapitanı,
tabor tibb məntəqəsinin rəisi olanRəşad Sultan deyib.
şahid oldum”
Tibb xidməti kapitanı: “İlk yaralı və şəhidə eyni anda şahid oldum”
Videomüsahibədən bəzi hissələri təqdim edirik:
– Rəşad həkim, ilk yaralıların gəlməsi, müharibə şəraitində ilk addımınız
sizdə necə bir təəssürat yaratdı? Müharibə deyəndə ilk olaraq gözünüzün
qarşısına nə gəlir?
– Mənim vəzifəm oturub yaralı gözləmək deyildi. Yaralı olanda mənə rabitə
vasitələrilə məlumat gəlirdi və məndə olan tabor tibb məntəqəsinin avtomobili
ilə gedib döyüş meydanında, səngərdə və yaxud müdafiədə olan, qəlpə yarası
almış əsgərlərə yerində ilk yardım edir, daha sonra isə onları maşına mindirib
briqada tibb məntəqəsinin həkimlərinə təhvil verirdim.
Qeyd edim ki, bu təhvilvermə prosesi çox yaxşı, çox dinamik təşkil olunmuşdu.
Biz, adətən, belə öyrənmişdik ki, döyüş meydanından tabor tibb məntəqəsi
yaralını götürüb briqada tibb məntəqəsinə çatdırır, amma burada heç çatdırmağa
ehtiyac olmurdu. Bu müharibədə artıq briqada tibb məntəqəsi özü maşınını bizim
arxamızca göndərirdi və biz döyüş meydanından çıxardığımız yaralıları elə yolda
onlara təhvil verirdik. Onlar da öz növbələrində hospitala çatdırmaq
məcburiyyətində qalmırdılar, hospital da gəlib elə yoldaca yaralıları onlardan
təhvil alırdı. Hospitallara məxsus maşınlar isə həm daha sürətli idi, həm də
içində operativ briqada olurdu. Dinamiklik və operativlik bu şəkildə həyata
keçirilirdi və neçə-neçə insan həyatı məhz bu operativlik nəticəsində xilas
edildi.
– Yaddaşınızda yer alan elə bir situasiya varmı ki, məsələn, müharibə deyəndə
sizi sizdən alan ilk o epizod olur?
– İlk yaralı və şəhidə eyni anda şahid oldum. Bizim bölmələrdən birinin
həndəvərinə mərmi düşərkən iki əsgərimiz sığınacaqdan kənarda olduğu üçün
onları qəlpə yaralamışdı. Biri yerindəcə şəhid olmuşdu, o biri isə çox ağır
yaralı idi.
İlk yaralı arxasınca gedəndə çox təsirlənmişdim. Deməli, ikigözlü, iç-içə bir
qazmaya (“blindaj” da deyirlər) girəndə gördüm ki, orada çox gənc, hətta mən
ona uşaq deyirdim həmişə, bir əsgər uzanıb. Onu görəndə çox təəssüfləndim,
çünki baxanda bilinirdi ki, artıq keçinib. Orada mənə dedilər ki, həmin əsgər
şəhid olub, yaralı içəridədir. Keçdim içəri, yaralıya yardım etdim. Yaralı da
çox ağır idi. Həm başının arxasından qəlpə dəymişdi, həm topuğundan qan axırdı.
İlk yardım edəndən sonra yaralını maşına qoyduq, bayaq dediyim kimi, briqada
tibb məntəqəsinin maşını da gəldi çatdı və ərazidən təxliyə etdik. Həmin vaxt o
qazmaya girərkən gördüyüm mənzərə ilə oradakı qoxu məndə ümumi bir aura
yaratmışdı. Əvvəlcə qeyd edim ki, qazma çox dar bir yerdir. Təsəvvür edin kiçik
bir yerə 15 əsgər birdən girir. Bir tərəfdən, torpaq qoxusu, havasızlıq, digər
tərəfdən də sağa-sola bomba düşür. Bilmirsən, o bomba gəlib üstünəmi düşəcək,
yanamı düşəcək…
Həmin o qazmadakı əsgərin bir qəlpə yarasından həyatını itirməsi mənə çox
ciddi təsir etmişdi. Düzdür, ondan sonra dəfələrlə daha ağır yaralılar gördüm,
şəhidlərimizi döyüş meydanından çıxardığımız çox oldu, amma bəlkə, ilk dəfə
olduğuna görə, bəlkə də, o əsgər çox gənc olduğuna görə mənə çox təsir etmişdi.
– Elə insanlar oldumu ki, siz onları həyata qaytarmaq üçün əlinizdən gələn heç
bir şey olmadığını gördünüz və həmin an nə qərar verdiniz?
– Bu müharibədə bir həkim üçün yaxşı tərəf o oldu ki, bizim döyüş meydanından
çıxardığımız yaralılardan nə əlimizdə, yəni onları təxliyə edərkən, nə də
sonradan şəhid olan olmadı. Hamısı vəziyyətdən çıxarıldı. Burada bir az da
yəqin ki, tibb xidmətinin – tibbi təxliyədən tutmuş tibbi yardıma kimi, həm
hərbidə, həm də sonrakı müalicələrin yaxşı təşkil olunması əsas rol oynadı.
Əlbəttə ki, elə anlar vardı ki, biz gedəndə artıq döyüş meydanında şəhid
olanlar vardı, amma çox ağır idi, biz çıxartdıq, yolda, yaxud sonradan şəhid
oldu deyə bir hal yaşanmadı, nə yaxşı ki.
“Nə yaxşı ki” ona görə deyirəm ki, ilk növbədə, bu bir insan həyatıdır,
ikincisi də hesab edirəm ki, mən onu yaşasaydım, gözümün qabağında, əllərimdə
bir əsgər şəhid olmuş olsaydı, daha ağır travma olardı mənim üçün. Çünki o anda
insan çox çarəsiz hiss edir özünü…
– İşğaldan azad olunan ərazilərimizlə bağlı Ali Baş Komandanın elanları olurdu
və təbii ki, bütün əhali o elanları gözləyirdi. Maraqlıdır, yaralı dalınca
gedən həkim kimi, siz nə vaxt alırdınız bu xəbərləri və bu, sizə nə verirdi?
– Sosial media bağlı olsa da, internet işləyirdi. Ona görə xəbər saytlarına
girib məlumatları elə həmin saytlardan oxuyurduq. Bir də SMS xidməti açıq idi.
Dostlarım SMS vasitəsilə xəbər verirdilər. Mən anladım ki, müharibədə olan
əsgər, hərbçi üçün müsbət informasiya, optimist informasiya və psixoloji dəstək
nə qədər önəmlidir. İnanmaq nə qədər önəmlidir.
– Şuşanın alınması xəbərini necə aldınız?
– Şuşanın alınmasının biz Ağdamda xidmət edənlər üçün başqa bir mənası var
idi. Şuşanı biz hansı istiqamətdə aldıq? – Cəbrayıl və Hadrutdan düşmənin
arxasına keçərək. Taktika hər nə qədər özünü doğrultsa da, sıra Ağdamda idi.
Artıq hərəkətlənmə də başlamışdı. Biz hər gün hücum təlimlərinə gedirdik. Bu,
sadəcə, atəş təlimi deyildi. Düşmən səngərinə necə girilir, necə qruplara
ayrılaraq səngər azad edilir – bunlardan tutmuş, imitasiyalar, bizim kəşfiyyat
qrupları tərəfindən diversiyalar edilməyə başlamışdı. Bilirdik ki, hər an Ağdam
istiqamətində hücum ola bilər və bizə hücum əmri verilə bilər. Buna görə son
gecələr botinkanı ayağımızdan, dərmanları cibimizdən çıxarmırdıq.
Ayın 9-dan 10-na keçən gecə, saat haradasa dördün yarısı olardı, gördüm,
əsgərləri patrul oyadır ki, deyəsən, müharibə qurtarıb. Biz təhlükəsizliyə görə
qazmada qalırdıq, orada da telefon tutmurdu, qazmadan çıxan kimi gördüm,
SMS-lər gəlməyə başladı və biz müharibənin bitdiyi xəbərini bu şəkildə aldıq.
Əzizə İsmayılova
Video: Cavid Mehdiyev