Tikinti sektorunun inkişafında qadınların rolu müzakirə edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər”
mövzusunda konfransda tikinti sektorunda qadınların fəaliyyətinin
genişləndirilməsinə, qadınların sahibkarlıq fəaliyyətinə təşviqinə, dövlət-özəl
əməkdaşlığı çərçivəsində dəstək tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatında tikinti
sektorunda çalışan qadınların və bu sahədə fəaliyyət göstərən qadın
sahibkarların azlıq təşkil etməsi qeyd edilir. Bu və digər bu kimi beynəlxalq
hesabatlarda müvafiq göstərici üzrə ölkəmizin mövqeyinin yaxşılaşdırılması,
eləcə də qadınların tikinti sektorunda biznes fəaliyyətinə təşviq olunması və
bu sahədə çalışan sahibkar qadınların fəallığının artırılması üçün sorğuların
və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur.
Bu istiqamətdə görülən tədbirlər çərçivəsində dekabrın 13-də “Bakı KOB evi”ndə
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Tikinti sektorunun
inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda Konfrans
keçirilib.
Qadınların tikinti sektorunda biznes fəaliyyətinə təşviq olunması, inkişaf
problemlərini araşdırmaqla müvafiq tədbirlərin görülməsi məqsədilə təşkil
olunan konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının, ali təhsil
müəssisələrinin, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak
ediblər.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar
Muradova, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Ailə,
qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd
Musayev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə
Heyətinin sədri Səkinə Babayeva, Kiçik və Orta Biznes Subyektləri və
Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova çıxış ediblər. Çıxışçılar
ölkəmizin sosial-iqtisadi inkişafında qadınların rolu, dövlət tərəfindən
sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri, qadınların sahibkarlıq
fəaliyyətinə təşviqi, biznesdə, xüsusilə də tikinti sektorunda qadınların
aktivliyinin artırılması, onların işgüzar əlaqələrinin genişləndirilməsi,
dövlət-sahibkar əməkdaşlığı çərçivəsində həyata keçirilən birgə layihələr
barədə məlumat veriblər.
Konfrans qadınların tikinti sektorunda biznes biliklərinin və bacarıqlarının
artırılması üçün birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi ilə davam
edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.