edec47cd-e8c8-4ec0-97dd-ea020935300a..jpg

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? – Nəsimi rayonunda QALMAQAL + AÇIQLAMA

Baxış sayı: 548 dəfə baxılıb.

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? – Nəsimi
rayonunda QALMAQAL + AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pilot-16” MMC tikinti işləri aparmaq üçün sakinlərlə heç bir danışığa
getmədən onları yaşadıqları evlərdən çıxarmağa çalışır”.

Bu barədə Cixisyolu.com-a Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinin sakini Samir
Şahbazov şikayət ünvanlayıb.

O iddia edir ki, şirkətin rəhbəri Aslan Quliyev sakinlərlə müzakirələr
aparmadan onları qeyri-adekvat şərtlər altında yaşadıqları evdən çıxarmaq
məqsədi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib:

“Sözügedən məhkəmədə keçirilən ilk iclas zamanı bəlli olub ki, şirkət
məhkəməyə verdiyi şəxslərin hansı ünvanda və hansı şəraitdə yaşadığı barədə
ümumiyyətlə məlumatsızdır və məhkəməyə qədər prosesdə onlarla hər hansı
müzakirələr aparılmayıb”.

“İclasda hakim Ceyhun Tağıyev şirkət təmsilçilərinə növbəti prosesə qədər
vətəndaşlarla görüşərək sökülməsi tələb olunan evlərə yerində baxış keçirməklə
bağlı tövsiyə verib. Bir ay keçməsinə baxmayaraq, şirkət təmsilçiləri heç bir
addım atmırlar”, – deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı “Pilot-16” MMC-yə sorğu ünvanladıq.

Şirkətin hüquqşünası Nicat Əliyev Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirdi
ki, müvafiq qanunvericiliyə əsasən, Nəsimi rayonu Novruzov Qardaşları,
C.Məmmədquluzadə, S.Rəhman, M.Əlizadə və Y.V.Çəmənzəminli küçələrinin əhatə
etdiyi yararsız olan ərazilərin, şəhərin ümumi görünüşünə xələl gətirən köhnə
tipli tikililərin sökülməsi, yerində müasir tipli yeni yaşayış binalarının və
qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi
4,2258 hektar torpaq sahəsinin icarə əsasında “Pilot 16” MMC-nin istifadəsinə
verilməsi qərara alınıb.

“Bu günədək 300 ailədən 230-u ilə əvəzləşmə müqaviləsi bağlanıb və ya
alqı-satqı olunub, 2021-ci ildən hal-hazıradək cəmi 42 iddia ərizəsi verilib
ki, onlardan da onu hazırda icraatdadır, 24-ü üzrə isə barışıq əldə olunub.

Vətəndaş Samir Şahbazovun şikayətinə və məhkəməyə verilməsinə gəlincə isə qeyd
etmək istəyirik ki, dəfələrlə şirkət rəhbərliyi ilə onlar arasında danışıqlar
olmasına baxmayaraq, həmin sakin şirkətdən bazar dəyərindən dəfələrlə yüksək
məbləğ tələb edib. Məhz bu səbəbdən məcbur olub, məhkəməyə müraciət etmişik”, –
deyə hüquqşünas bildirib.

N.Əliyev onu da diqqətə çatdırıb ki, həm Şahbazovlara, həm də onlarla bir
həyətdə yaşayan dayısı Həmdulla Şahvələdova 30 faiz hesablamaqla, hər ikisinə
tikiləcək yeni binadan 130 kvadratmetr sahəsi olan təmirli mənzil, 500 manat
kirayə pulu və 29 400 manatı da kompensasiya şəklində verməyə hazırdırlar.

Əzizə İsmayılova

Source link