0cff9210-fbb1-42c1-9334-efbbbe56e3db.jpg

“TikTok”da 181 nəfəri aldadıb pullarını taladı: Rəsmi maaş da verirmiş

Baxış sayı: 172 dəfə baxılıb.

“TikTok” sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə
düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəyən, əvvəllər məhkum olunmuş
Toğrul Kərimovun cinayət işinin məhkəmə baxışı keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar
Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid və zərərçəkənlərin ifadələri
dinlənilib.

Şahid Nigar Fəxrəddinli məhkəmədə bildirib ki, Toğrul Kərimovun tabeçiliyində
ofisdə çalışıb:

“Mən sosial şəbəkədə iş axtarmaq məqsədilə elan paylaşmışdım. Toğrul müəllim
məni ofisə dəvət etdi. Məni köməkçisi qarşıladı, katibə işini təklif etdi.
Yazı-pozu işi ilə məşğul olurdum. Elanla gələn müştəriləri qəbul edib,
məlumatlarını toplayırdım. Mənə rəsmi olaraq 700 manat maaş verirdi. Demişdi
ki, dənizdə işləməklə bağlı elan paylaşmışıq, ona görə gələnlər olacaq, onları
qəbul etmək lazımdır. Orada işlədiyim müddətdə insanlardan müxtəlif məbləğlərdə
pul alıb Toğrul müəllimə vermişəm”.

Zərərçəkən Famil Cəfərov ehtiyatda olan zabit olduğunu bildirib:

“Dostum dedi ki, Nərimanovda belə bir iş var. Yaxınlaşdım ofisə, dedilər ki,
sertifikat alacaqsan. Ona görə də 430 manat ödədim, sonra dedilər ki, iclas
olacaq, deyərik, gələrsiniz. Sonra çağırmadılar. Dedilər ki, bunlarla bağlı
narazılıqlar var. Ondan sonra bildim ki, məni aldadıblar.

Digər zərərçəkən Samir Bəhramov bildirib ki, iş barədə ona qonşusu deyib:

“Getdim ofisə, Arzu xanımla görüşdüm. Mən oraya ilməkçi işinə getmişdim. Orada
dedilər ki, səni mexanik kimi götürə bilərik. Dedilər ki, sənə sertifikat
lazımdır. Buna görə məndən 330 manat pul istədilər, mən də verdim. Sonra basa
düşdüm ki, bunlar məni aldadıblar”.

Zərərçəkən Ramin Məmmədov da Toğrul Kərimovu sosial şəbəkələrdən tanıdığını
qeyd edib. Ofisə gedərək orada işçi olan Ülviyyə xanıma özü və həyat yoldaşının
işə qəbul olunması üçün 760 manat verib.

Təqsirləndirilən Toğrul Kərimov isə zərərçəkənlərin heç biri ilə pul
sövdələşməsi etmədiyini deyərək, ittihamları qəbul etməyib.

Qeyd edək ki, “TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin
“yüksəkmaaşlı iş” və digər adlar altında yerləşdirilən şirnikləndirici
elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil
olub.

Aparılan araşdırmalarla bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən,
əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən
müəyyən olunaraq saxlanılıb. T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə
dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi
kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənləri şirkətdə yüksəkgəlirli işlə
təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə
dələduzluq edib. T.Kərimovun barəsində Cinayət Məcəlləsinin “Dələduzluq”
maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri görülüb. Toplanmış
materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Elgün Həsənli

Source link