714d1a1a-f42b-477d-aac1-019ca6380384..jpg

Tokayevin İrəvandakı bəyanatının doğurduğu üç sual – TƏHLİL

Baxış sayı: 443 dəfə baxılıb.

Tokayevin İrəvandakı bəyanatının doğurduğu üç sual – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrəvana səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş
naziri Nikol Paşinyanla mətbuat konfransında yeni ideya ilə çıxış edib.

Tokayevin ideyası Azərbaycan və Ermənistan arasında açıq qalan məsələlərin
həlli üçün Qazaxıstanın vasitəçilik platformasını təqdim edir.

İdeyanın pərdəarxası ilə bağlı məqamları istər-istəməz üç sualı aktuallaşdırır:

1. Tokayev sırf Astananın öz təşəbbüsünü irəli sürürmü?

2. Qazaxıstan liderinin bəyanatı Türk Dövlətləri Təşkilatının
Azərbaycan-Ermənistan normallaşma prosesində daşları yerinə qoymaq iddiasını
əks etdirir?

3. Rusiya, Qərb və Çin kimi güc mərkəzləri ilə məharətli balans yaradan
Qazaxıstan bu tərəflərdən birinin manevri üçün yeni təkliflə çıxış edir?

Tokayev Rusiyaya qarşı zahirən istehzalı mövqeyi ilə gündəmə gəlir, lakin onun
Qərb və Çinlə əlaqədar yanaşmalarında daha ehtiyatlı gündəlik görünür.

Bununla belə, Qazaxıstan güc mərkəzləri arasında diqqətli və həssas nüansları
itirmir.

Tokayev bilir ki, tarazlığı diqqətlə idarə etməsə, Qazaxıstanın daxili və
xarici siyasətindəki müstəqillik riskə girər.

Qazaxıstan hazırda Çindən Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat
Dəhlizinin (Orta Dəhliz) ən önəmli açar ölkəsidir.

Amma nəzərə almaq lazımdır ki, Astana Rusiya-Ukrayna müharibəsində rəsmi
neytral mövqeyini qoruyub. Bununla belə, Qazaxıstan Moskvanı bir vaxtlar olduğu
kimi öz təhlükəsizliyinin təminatçısı qismində görmür.

Ancaq Tokayev 2022-ci ilin başlanğıcında ölkədə tüğyan edən iğtişaşların
yatırılmasında Rusiyanın rolunu yaddan çıxarmır.

Qazaxıstanın təhlükəsizlik narahatlıqları onun Rusiyaya qarşı beynəlxalq
sanksiyalara qoşulmamasında da özünü göstərir.

Məsələnin iqtisadi-ticari aspektləri də var, belə ki, Ukraynada müharibə
başlayandan bəri Rusiya ilə Qazaxıstan arasında ticarət həcmi artır. 2022 və
2023-cü illər Rusiya-Qazaxıstan iqtisadi əməkdaşlığı üçün rekord illər olub,
ticarət dövriyyəsi müvafiq olaraq 26 və 27 milyard dollar həcmində qərarlaşıb.

Bundan əlavə, Qazaxıstan biznes elitasının Rusiya ilə davamlı və gəlirli
əlaqələri var və Moskvanın cənub qonşusu üzərində başqa mühüm iqtisadi təsir
imkanları mövcuddur.

Lakin bu, Rusiya üçün kifayət deyil, çünki Qazaxıstan Rusiyadan yan keçən Orta
Dəhlizdə imkanlarını artıraraq Qərblə Çin arasında böyük tarazlaşdırma sahəsi
qazanır.

Qazaxıstanla Çinin 2023-cü ildə ticarət dövriyyəsi 2022-ci ilə nisbətən 30
faiz artaraq 31,5 milyard dollar təşkil edib. Çin faktoru bu sahədə
Qazaxıstanın əsas ticarət tərəfdaşı kimi Rusiyanı geridə qoyub.

Avropa İttifaqı və ABŞ Qazaxıstanda ən böyük sərmayədarlardır, lakin Tokayev
digər tərəfdaşlara baxdıqca Qərbin təsirinin getdikcə azaldığını görmək
mümkündür.

Belə təzadlı və mürəkkəb situasiyada Tokayevin Azərbaycan və Ermənistan
arasındakı moderatorluq səylərində konkret hansı güc ünvanının maraqlarını
təmsil etdiyini anlamaq bir qədər çətinləşir.

Bununla belə, hazırda ən çox Çindən Avropa xəttinə qədər uzanan nəqliyyat
dəhlizi Pekinlə yanaşı, Avropa İttifaqının da ortaq maraq dairəsindədir.
Üstəlik, Türk Dövlətləri Təşkilatı mühüm iqtisadi güc mərkəzinə çevrilməyi
qarşıya hədəf qoyur.

Bu, Bakı-İrəvan danışıqlarında və regional proseslərdə TDT-nin alternativləşən
mərkəz kimi potensialını da ortaya çıxarır.

TDT isə ümumilikdə geosiyasi nəhənglər arasındakı qarşıdurma xətlərini
balanslaşdıran platformaya çevrilir. Bu mənada təşkilatın Azərbaycan-Ermənistan
sülh danışıqlarındakı yeri parlaqlaşa bilər.

Ümumilikdə Tokayevin bəyanatı daha çox Çin və Qərb platformasının maraqları
fonunda Qazaxıstanın artan nüfuzunun vasitəçilik platformalarına sirayətini əks
etdirə bilər.

Aqşin Kərimov

Source link