eb0ee7c5-f1f5-4b85-931f-e58a79dc491c..jpg

Tonqal ətrafında qanlı dava: “Söyüşlə danışma, ana-bacımız var…” – TƏFƏRRÜAT

Baxış sayı: 878 dəfə baxılıb.

Tonqal ətrafında qanlı dava: “Söyüşlə danışma, ana-bacımız var…” – TƏFƏRRÜAT

Şəmkir rayonunda 2002-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində
yaranan münaqişə zamanı tanışı Bəhruzu (adlar şərti verilib – red.) öldürməyə
cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 21 mart 2022-ci ildə baş
verib.

Elşən evin yaxınlığında Novruz bayramı tonqalı təşkil edən zaman eyni küçədə
yaşayan Bəhruzun yüksək səslə nalayiq ifadələr işlətməsi səbəbindən onunla
mübahisə edib.

Onlar bir-birilərinin paltarlarından tutaraq dartışılar. Elşən yerə yıxılıb,
hadisə yerində olan şəxslər onları bir-birindən aralayıb.

Elşən Bəhruzun evi qarşısında nalayiq ifadələr işlətməsindən əsəbiləşərək
qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib. Ayağa qalxaraq yaşadığı evə
gedib və mətbəxdən bıçaq götürərək geri qayıdıb. Bəhruza yaxınlaşaraq ona 4
dəfə zərbə vurub. Zərərçəkmişə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını
xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci
(qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən özünü
ittiham üzrə Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə deyil, həmin
məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli
bilib.

O bildirib ki, martın 21-də axşam saat 20 radələrində arvadı və anası ilə
birlikdə arvadının dayısıgilə qonaq gedib: “Orada bir az spirtli içki içdim.
Saat 22 radələrində evə qayıtdım, sonra qonşuluqda yaşayan Bəhruzgilə getdim.
Orada 5-10 dəqiqə oturandan sonra Elmir, Elçin və Bəhruzla tonqal qalamaq üçün
küçəyə çıxdıq. Küçədə oturmaq üçün masa hazırladıq.

Birlikdə stol arxasında əyləşən zaman Bəhruz sərxoş olduğundan söyüş söydü.
Mən də Bəhruza dedim ki, söyüşlə danışmayaq, hamımızın anası-bacısı var, heç
kimi narahat etməyək. Lakin Bəhruz yenidən söyüş söydü”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Bəhruzu kənara çəkərək
onunla dalaşıb: “Elmir və Elçin bizi ayırdı. Bəhruzun əlində boş araq şüşəsi
olduğuna görə məni vuracağını fikirləşdim. Evə getdim və mətbəxdən bıçaq
götürdüm. Məqsədim Bəhruzu vurmaq olmayıb. Onun məni vuracağından ehtiyat etdim
və bıçağı qorxutmaq üçün götürdüm.

Bəhruz əlindəki şüşəni havada oynada-oynada üstümə gələndə onu təpiklə vurdum
və əlindəki şüşəni yerə saldım. Sonra bıçaqla özümü qorumaq istədim. Həmin vaxt
bıçağın Bəhruza dəydiyini hiss etmədim. Bəhruz sinəsini tutaraq arxaya getdi,
aşağı oturanda və köynəyində qan görəndə bıçağın ona dəydiyini bildim. Bıçağı
yandakı qum təpəsinin üzərinə atdım”.

Elşən qeyd edib ki, bu vaxt anası küçəyə çıxıb və ondan Bəhruzu
vurub-vurmadığını soruşub: “Mən də vurmadığımı bildirdim. Özüm polis şöbəsinə
getdim və könüllü təslim oldum”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bəhruzun sözlərinə
görə, hadisədən təxminən 1 həftə əvvəl saat 23 radələrində işdən qayıdıb və
Elşənin yaşadığı evin qarşısından keçib: “Elşən avtomobilimin qarşısını kəsdi
və axşam saat 23-dən sonra heç kimin onların evinin qarşısından keçə
bilməyəcəyini, evdə ailəsinin narahat olduğunu dedi. Buna görə aramızda
mübahisə oldu”.

Zərərçəkmiş qeyd edib ki, martın 21-də Elmir, Elçin və Elşənlə birlikdə küçədə
tonqal yandırmaq üçün Elşəngilin evinin yaxınlığına gediblər: “Söhbət zamanı
Elşən nalayiq ifadələr işlədərək bu küçədə heç kimin avtomobilini evinin
qarşısında görmək istəmədiyini dedi. Buna görə aramızda mübahisə yarandı.

Elşən söhbət etmək üçün məni kənara çəkdi və mübahisə etdi. Dalaşanda bizi
ayırdılar. Bir-birimizin ünvanına söyüş söydükdən sonra Elşən evə getdi. Mən
onun bıçaq götürəcəyini təxmin elədiyimdən əlimə boş araq şüşəsi aldım.

Elşən yaşadıqları evin darvazasından çıxaraq üzərimə gəldi. Əlimdəki şüşə ilə
Elşəni vurmaq istəyəndə şüşə əlimdən düşdü. Elşən evlərindən götürdüyü bıçaqla
mənə dörd zərbə endirdi. Elmirlə Elçin araya girdikləri üçün dayandıq.

Elçin bıçağın ona dəyəcəyindən qorxdu və kənara çəkildi, Elmir isə aradan
çıxmadı, Elşəni tutaraq kənara çəkdi. Mənə vurulan ilk 3 zərbə qoluma, 4-cü
zərbə isə ürəyimə dəydi. Sinəmi tutaraq arxaya getdim və darvazaya söykəndim.
Bu zaman huşumu itirdim. Həmin vaxt Elşənin anası və qardaşı gəldi. Anası
Elşənə “onu vurma, məni vur” dedi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Elşən 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

Source link