Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovın CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndrilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyyəsindən aldığı ağır xəsarətlə Bakı şəhərindəki Neyrocərrahiyyə xəstəxanasına daxil olması və orada ölməsi barədə Sumqayıt şəhər polis idarəsinə məlumat daxil olub.
Faktla bağlı şəhər prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri nəticəsində zərərçəkmişin Abşeron rayonu, Saray qəsəbə sakinləri Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov, Çinqiz Babayev və Ağstafa rayon sakini Əkbər İsgəndərov tərəfindən törədilməsi müəyyən edilib və dəstə üzvləri saxlanılaraq, istintaqa təqdim edilib.
İstintaqın gedişatında məlum olub ki, təqsirləndirilən şəxslər Saray qəsəbəsində “Topaz” mərc oyunları məntəqəsində işləyən A.Nadirlinin pulunu quldurluq yolu ilə ələ keçirmək qərarına gəliblər. Plana əsasən, dəstə üzvü K.Qurbanov Ə.İsgəndərovun mobil telefonu vasitəsilə zərərçəkənin, obyektdən çıxaraq taksiyə minib getməsini tanışlarına xəbər verib.
Dəstənin digər dörd üzvü Ç.Babayevin avtomobilində onu təqib edib. Sumqayıta çatanda, A.Nadirli taksidən düşərək avtobusa minib. Bu zaman dəstə üzvlərindən F.Bağırzadə, M.Eyvazov və Ə.İsgəndərov növbə ilə həmin avtobusa minərək onu izləyiblər. Avtobusdan düşəndən sonra Bağırzadə və Eyvazov Amala hücum edərək, onu döyüblər və 550 manat pulunu alaraq, hadisə yerindən qaçıblar.
Məhkəmənin hökmü ilə F.Bağırzadə 19, M.Eyvazov 18, Ə.İsgəndərov və K.Qurbanov hər biri 11 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.