68bd5879-de61-44ff-972d-a75cceaed899.jpg

Torpaqların minalanması dəhşətli ətraf mühit deqradasiyasına yol açır

Baxış sayı: 242 dəfə baxılıb.

Planetin istiləşməsi miqrant işçilər üçün həm iqtisadi, həm də sağlamlıq
baxımından böyük risklər yaradır. 2023-cü ildə həddindən artıq istiləşmənin
qeydə alınması fermerlər, tikinti sahəsində və ümumiyyətlə açıq hava şəraitində
çalışan işçilər üçün ağır nəticələrə gətirib çıxarıb.

Bunu “Report”a Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü
Pərvanə Vəliyeva deyib. O qeyd edib ki, açıq havada çalışan işçilər iqlim
dəyişmələrinin ən sərt reallıqları, o cümlədən ekstremal yay və qış mövsümləri,
eləcə də qum fırtınaları və daşqınların mənfi nəticələri ilə üzləşirlər:

“Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada milyonlarla işçi – tikinti sektoru,
çatdırılma xidmətləri sahəsində çalışan işçilər, küçə abadlığına məsul və
başqaları – həssas qruplar və ağır təsirlənənlər arasındadır.

Miqrant işçilər xarici təsirlərdən əlavə, iqlim dəyişmələri fəsadlarından
qorunmaq üçün inzibati çətinliklərlə də üzləşirlər. Günorta iş fasilələri və ya
açıq havada çalışan işçilər üçün istilərin qarşısının alınması üçün əksər
ölkələrdə heç bir tədbir görülmür. Tikinti işçilərindən tutmuş plantasiyada
işləyənlərə qədər açıq havada çalışanlar normadan artıq temperatur şəraitində
işləməyə davam edirlər. İri ticarət mərkəzləri və digər ictimai binaların
sahibləri tərəfindən kondisionerli ictimai yerlərin əksəriyyətinə tikinti
işçilərinin daxil olmasına icazə verilmir. Əvəzinə onlar parklarda və ya
müxtəlif yaşıllıqlarda dincəlməklə istidən xilas olmağa çalışırlar. Bu hal
işçilərin sağlamlığına, gün vurmadan əziyyət çəkməsinə, dəri xərçənginin
yaranmasına, tənəffüsün çətinləşməsinə gətirib çıxarır”.

Deputat qeyd edib ki, Qlobal İqlim cəmiyyəti, yəni beynəlxalq təşkilatlar,
qeyri-hökumət təşkilatları, iqlim və ətraf mühit aktivistləri miqrantların
iqlim dəyişmələrindən təsirlənən əsas icma qruplarından biri kimi tanınmasını
tövsiyə edir:

“Hətta Konvensiya yanında müşahidəçi qismində işçi miqrantlardan ibarət
Koalisiyanın yaradılması təklif olunur. Konvensiya yanında hazırda mövcud olan
“Fermerlər” həmfikir QHT qrupunda müəyyən mənada miqrant təmsil olunsa da, bu
qrupun xüsusilə miqrantlardan ibarət olması və BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən COP-larda bu məsələlərin müzakirələrə
cəlb edilməsi məqsədəuyğun hesab edilir. Dünyada davam edən istilik böhranında
əlbəttə ki, təsirlənən icmaların rifahı daha böyük müzakirə mövzusu olmalıdır.

Münaqişələr nəticəsində ətraf mühitin deqradasiyası da miqrasiyaya mənfi təsir
göstərən başlıca amillərdəndir. 90-cı illərdə Qarabağdan, Şərqi Zəngəzurdan, o
cümlədən Qərbi Azərbaycandan olan azərbaycanlılar doğma el-obasından didərgin
salınmış, qaçqın və məcburi köçkün olaraq ölkənin digər ərazilərinə miqrasiya
etməyə məcbur olmuşdular. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasına
baxmayaraq əhali öz yurd-yuvasına dərhal qayıda bilməyib, ərazilər erməni
işğalı zamanı talan edilmiş, dağıdılmış, ağaclar kəsilmiş, mədəni irs məhv
olmuş, çaylar çirkləndirilmiş, yaşıllıqlar, ətraf mühit viran qoyulmuşdu.
Dəymiş maddi ziyanın məbləği yüz milyardlarla ölçülür. Torpaqların minalanması,
minanın torpaqda qaldığı zaman ətraf mühitə təsiri bir cür fəsadlar, onun
partlaması isə digər dəhşətli ətraf mühit deqradasiyası yaradır. Bütün bunlar
insanların azad şəkildə öz vətəninə qayıtmasına mane olan ətraf mühit
amilləridir”.

P.Vəliyevanın sözlərinə görə, miqrasiyaya məruz qalmış insanların vətəninə
geri qayıdarkən öz evini viran vəziyyətdə, uçurulmuş görməsi, bir zamanlar
yaşadığı məhəlləni, yaşayış obyektlərini yerində tapmaması, eyni zamanda
miqrantların mental sağlamlığına, psixoloji durumuna da mənfi təsir göstərir:

“Evlərini, küçələrini, yaşadıqları ərazini daim yaddaşlarında qoyub getdikləri
kimi xatırlayan bu insanlar geriyə qayıdarkən fərqli mənzərənin şahidi olur:
minalanmış abidələr, küçələr, evlər”.

Source link