Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakinləri Elnur Məmmədov və Elçin Həsənovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, qətl 2016-cı il dekabrın 23-də Suraxanı rayonunda törədilib.
Daxil olan məlumat əsasında 31-ci polis bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində, 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığındakı meşə massivində zorakılıq əlamətləri ilə naməlum kişi meyiti aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, öldürülən şəxs – Ramana qəsəbəsində kirayədə yaşayan Tovuz rayon sakini Elşad Əmirovdur (1988-ci il təv.). Həmin gün şübhəli şəxs qismində Elçin Həsənov tutulub, daha sonra Səbail RPİ 39-cu polis bölməsi və Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Məmmədov həbs edilib.
Məhkəmə prosesində son sözündə Elçin Həsənov qətldə heç bir günahı olmadığını, dava zamanı Elnurla Elşadı yalnız araladığını bildirib. Elnur Məmmədov da dostunun günahsız olduğunu, Əmirovu tək bıçaqlayaraq, öldürdüyünü qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədov 17 il, Elçin Həsənov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, təqsirləndirilən şəxslərə daha sərt cəza təyin olunmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, protesti təmin edib. Qərara əsasən, E.Məmmədova 18 il, E.Həsənova 16 il cəza təyn edilib.