eebf9252-5670-4c02-aeb2-2615b161eddd..jpg

Tovuzda qıza görə bıçaqlaşma: “Onun sevdiyi qızın əlindən tutdum…”

Baxış sayı: 478 dəfə baxılıb.

Tovuzda qıza görə bıçaqlaşma: “Onun sevdiyi qızın əlindən tutdum…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda 2005-ci il təvəllüdlü Fazil münaqişə zəminində tanışı Elvinə
(adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonu, Yuxarı Öysüzlü
kəndində baş verib.

Fazil eyni kənddə yaşadığı Elvinlə həmin gün bir qədər əvvəl zarafatla onun
gözü qarşısında əvvəllər sevdiyi qızın əlindən nümayişkaranə surətdə tutması
səbəbindən mübahisə edib.

Mübahisə zamanı Fazil Elvinə bıçaqla zərbə vuraraq ona müxtəlif dərəcəli bədən
xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Fazilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci
(qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ittiham üzrə
özünü təqsirli bilib. O bildirib ki, Qazax Sosial İqtisadi Kollecində təhsil
alıb:

“Zərərçəkmiş Elvini uşaqlıqdan tanıyıram. Məndən 2-3 yaş böyükdür”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 23 sentyabr 2022-ci ildə saat 13
radələrində küçədə əyləşən vaxt sinif yoldaşı Ləman onun yanına gəlib:

“Mən Ləmanla söhbət etməyə başladım. Bu zaman küçə ilə Elvinin gəldiyini
gördüm, onunla zarafat etmək istədim. Elvin Ləmanı sevib, sonra ondan
ayrılıblar. Zarafat məqsədilə Elvinin görə biləcəyi məsafədə Ləmanın əlindən
tutdum.

Elvin yanımızdan keçib qonşuluqda yaşayan Mahirin yaşadığı evə getdi. Təxminən
2-3 dəqiqə sonra Mahir, Elvin və Vüqar birlikdə bizim olduğumuz istiqamətə
gəlməyə başladılar. Ləman onların gəldiyini görəndə evə getdi.

Elvin yaxınlaşaraq niyə Ləmanın əlindən tutduğumu soruşdu. Mən də zarafat
etmək istədiyimi dedim. O, yaxşı hərəkət etmədiyimi bildirdi. Elvinə onunla
həmişə zarafat etdiyimizi söylədim, niyə incidiyini soruşdum. Onun üzündən
öpərkən yaxın məsafədən zarafatla mənə nalayiq söz dedi. Sonra kənara çəkilməyi
təklif etdi. Elvinlə kənara çəkildik. Mahir və Vüqardan bir qədər aralıda
söhbət etməyə başladıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəlcə sözlə mübahisə ediblər:

“Elvindən ünvanıma bir qədər əvvəl nalayiq ifadə işlətdiyini, onun həmin sözü
ciddi deyib-demədiyini soruşdum. O, ciddi dediyini bildirdi və olduqca əsəbi
göründü. Buna görə Elvinin mənimlə dalaşacağını, böyük olduğu üçün məni
döyəcəyini güman etdim. Söhbət edərkən şalvarımın sağ cibində gəzdirdiyim cib
bıçağını çıxardım və bir dəfə onun sol böyründən vurdum.

Elvin qışqıraraq Mahir və Vüqarı çağırdı. Ona yarasını sarımağı təklif etsəm
də, razılıq vermədi. Yaradan qan axdığını görərək bıçağı yarımçıq tikiliyə
atdım və yaşadığım evə getdim”.

İş üzrə zərərçəkmiş Elvinin sözlərinə görə, Fazillə aralarında əvvəllər hər
hansı ədavət və mübahisə olmayıb:

“Sentyabrın 23-də saat 13 radələrində yaşadığım evdən dostum Mahirlə görüşüb
bir yerdə çayxanaya getmək üçün çıxdım. Küçədə piyada gedərkən Fazillə əvvəllər
istədiyim Ləman adlı qızın birlikdə Mahirin yaşadığı küçənin başlanğıcında olan
taxta oturacaqda əyləşdiklərini gördüm. Fazil onlara çatmağıma az qalmış
gəldiyimi gördü. Bu zaman o, Ləmanın əlindən tutaraq özünə tərəf çəkdi.

Mən Mahirin yaşadığı evə getdim. Evin həyətində olanları Mahirə danışdım.
Həmin vaxt qonşuluqdan Vüqar adlı dostumuz da bizi çağırdı. Onun təklifi ilə
birlikdə çayxanaya getmək üçün piyada geri qayıtdıq. Fazilgilin olduğu yerə
çatmağımıza az qalmış Ləman Fazildən ayrılaraq evə getdi. Mən Fazilə etdiyi
hərəkətin düzgün olmadığını dedim. O da mənimlə zarafat etmək üçün belə
etdiyini dedi”.

Zərərçəkmiş qeyd edib ki, bir neçə il bundan əvvəl Ləmanı sevib:

“2020-ci il ildə hərbi xidmətə getdim. 2022-ci ilin aprelində əsgərlikdən
qayıtdıqdan sonra Ləmanla ayrıldım. Ayrıldıqdan sonra aramızda hər hansı
münasibət qalmadı. Fazil mənimlə zarafat etmək üçün belə etdiyini dedi.
Zarafatın xoş olmadığını bildirdim. Fazil isə mənə həmişə zarafat etdiyimizi,
nəyə görə zarafatından incidiyimi dedi.

Aramızda mübahisə yarandı. Fazil mənimlə kinayəli danışıb mübahisəni davam
etdirdi. Ona iradımı bildirdim, düzgün hərəkət etmədiyini və ondan yaşca böyük
olduğumu söylədim. Mübahisə böyüdükdə Fazil məni kənara çəkdi, əlini çiynimə
qoyaraq məni başa salmaq istədi. Cibindən çıxardığı bıçaqla sol böyrümdən
vurdu. Ağrını hiss etdikdə, əlimi sol böyrümün üzərinə qoydum və qan gəldiyini
gördüm”.

Zərərçəkmiş bildirib ki, daha sonra Fazili itələyib, təxminən 5-6 metr aralıda
dayanmış Vüqar və Mahir onlara yaxınlaşıblar:

“Mahirin yaşadığı ev istiqamətində qaçdım. Mahirin atası evlərinin həyətində
mənə böyrümə sıxmaq üçün dəsmal verdi və məni avtomobilinə əyləşdirərək Tovuz
Rayon Mərkəzi Xəstəxanasına apardı. Xəstəxanada ilkin tibbi yardım göstərildi
və əməliyyat olundum”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Fazilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi
tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Source link