024a5052-85c8-42a7-bbb6-1980897148a3..jpg

Toy biznesi xilas ola biləcəkmi? – “KASPİ”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 428 dəfə baxılıb.

Toy biznesi xilas ola biləcəkmi? – “KASPİ”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç
də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini
dəyişdiyini də müşahidə edirik.

Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü
başlayır. Amma sirr deyil ki, pandemiyadan sonra toy biznesi ciddi böhrandadır.
Müşahidələr göstərir ki, xeyli şadlıq sarayları mərasim evlərinə çevrilib,
başqa sahələr üzrə icarəyə verilib.

Azərbaycanda toy məclislərinin sayının kəskin şəkildə azaldığını rəsmi
statistika da təsdiqləyir. Təkcə son üç ilin statistikasına nəzər salsaq
görərik ki, nikaha daxil olanların sayında əhəmiyyətli şəkildə azalma var.
Məsələn, ölkədə 2024-cü ilin ilk ayında 3 657 nikah qeydə alınıb. 2023-cü ildə
müvafiq olaraq 11 870 nikah bağlanılıb. 2022-ci ilin yanvar-mart aylarında isə
14 606 nikah rəsmiləşdirilib.

Bəs görəsən, toy sənayesi böhrandan çıxa biləcək? Bunun üçün sahibkarlar hansı
addımları ata bilərlər? Bu sektora dövlətin hansı dəstəyi ola bilər?

Mövzu ilə bağlı “Kaspi”
qəzetinin məqaləsini təqdim edirik.

Xərc yükü yaradan toy ənənəsi

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, toy biznesinin böhranda
olmasının əsas səbəbi son dövrlərdə nikahların sayının azalmasıdır:

“Eyni zamanda, biz xüsusilə pandemiyadan sonrakı dövrdə gənclərin daha
rasional toy məclislərinin təşkilinə üstünlük verdiyini müşahidə edirik. Belə
ki, onlar nisbətən daha az dəbdəbəli, əsasən yaxın ətrafları ilə toy etməyə
üstünlük verirlər. Nəticə etibarilə, daha çox 2005-ci ildən sonra formalaşan və
dəbdəbənin artması ilə müşahidə olunan, artıq xərc yükü yaradan toy ənənəsi
mərhələli şəkildə zəifləyəcək”.

“İnvestorlar daha effektiv sahələrə yatırım etməlidirlər”

Ekspert hesab edir ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar öz
investisiyalarını alternativ istiqamətlərə yönəltməlidirlər:

“Sahibkarlar bu sahədə dəbdəbəni artırmaq istiqamətində investisiyalardan
çəkinməlidirlər. Daha optimal sayda tutumu olan sarayların qurulmasına
meyilənməlidirlər. Eyni zamanda, infrastrukturu elə dizayn etməlidirlər ki, bu
təyinat fərqli istiqamətlərdə də istifadə oluna bilsin. Tutaq ki, həmin
obyektlərdən yalnız toy məclisləri üçün deyil, adi günlərdə, kütləvi
tədbirlərin, konsertlərin təşkili və sair kimi də istifadə etmək mümkün olsun”.

Mütəxəssis dövlətin bu sahəyə dəstəyini vacib saymır. O hesab edir ki,
dövlətin dəstək verməli olduğu kifayət qədər sahələr mövcuddur:

“Düzdür, bura da xidmət sektorudur, müəyyən bir dövriyyə yaradır. Amma
dövlətin dəstək verməli olduğu kifayət qədər sahələr vardır. Hesab edirəm ki,
dövlət daha ağlabatan, ciddi sərmayələri dəstəkləməlidir”.

Menyuların tərtibatına yenidən baxmalıdırlar

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev hesab edir
ki, şadlıq sarayları menyuların tərtibatına yenidən baxmalıdırlar. Onun
fikrincə, toy sənayesində mövcud olan iqtisadi çətinliklər menyuların
qiymətinin baha olması ilə bağlıdır:

“Menyulardan lüzumsuz əlavələr çıxarılmalıdır. Şadlıq sarayları toy
sahiblərinə menyu seçimi ilə bağlı şərt qoymamalıdırlar. Atəşfəşanlıq, toya
dəvət olunan musiqiçilərlə bağlı da qiymətlərə yenidən baxılmalıdır. Çünki
bunlar da çox xərc tələb edən istiqamətlərdir”.

R.Atakişiyevin qənaətincə, bu sahəyə dövlət tərəfindən dəstək verilməsi
gözlənilmir:

“Çünki bu sektor dövlət üçün strateji sahə sayılmır”.

“Kim deyir ki, bu sahədə böhrandır?”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət
Quliyev isə toy sənayesinin böhranda olması fikri ilə razılaşmır. Onun
sözlərinə görə, bu gün də şadlıq saraylarında toy etmək üçün aylar öncədən
növbəyə yazılmaq lazımdır:

“Kim deyir ki, bu sahədə böhrandır? Təxminən 1-2 ay əvvəl yaxın bir qohumum
toyla bağlı şadlıq sarayı axtarırdı. Onlara bildirmişdilər ki, ən yaxşı halda
toy tarixini oktyabr, noyabr və dekabr ayına yaza bilərlər. Belə olan halda
hansı böhrandan söhbət gedir? Heç bir böhran yoxdur, hamı da işləyir. Sadəcə,
məni həm vətəndaş, həm də millət vəkili olaraq toyların dəbdəbəli keçirilməsi
narahat edir. Biz bu məsələni bir qədər sadələşdirməliyik. Toy gənclər üçündür,
sadə bir ortamda olmalıdır. Amma mən toy xərclərini eşidəndə dəhşətə gəlirəm.
Menyular adambaşı təxminən 100 manatdan başlayıb, 500-700 manata kimi dəyişir.
Axı bu qədər israfçılıq olmaz”.

Bir vaxtlar ayda 20-25 toy, indi isə…

Əvvəllər toy mövsümünü səbirsizliklə gözləyən və yeni mövsümə ciddi şəkildə
hazırlıq görən şadlıq saraylarında durğunluqdur. Onlar da bu durğunluğun
səbəbinin axtarışındadırlar. Həmsöhbət olduğumuz bəzi şadlıq saraylarının
administratorları bildirirlər ki, vəziyyət son iki ildə daha pisləşib. Onların
sözlərinə görə, bir vaxtlar ayda 20-25 toy şənliyi təşkil edirdilərsə, indi 4-5
toy tutanda sevinirlər.

Şadlıq saraylarından birindən bildiriblər ki, tələbat əvvəlki illərlə
müqayisədə xeyli azalıb:

“Əvvəlki dövrlərlə müqayisədə toy edənlərin sayında ciddi fərq var. Tələbat
çox azalıb. Səbəbini özümüz də bilmirik”.

Digər şadlıq sarayının administratoru da toyların azlığından gileylənib. Onun
sözlərinə görə, toyların sayında təxminən 50 faiz azalma var:

“Qiymətlərimiz də baha deyil. Sadəcə, elə bil ki, toy etmək istəyən yoxdur.
Son iki ildə vəziyyət daha da pisləşib”.

Daha bir şadlıq sarayından təsdiqləyiblər ki, ötən illərlə müqayisədə toy
etmək istəyənlərin sayı ciddi şəkildə azalıb:

“Əvvəllər mövsüm başlayanda bir ayda 12-14 toyumuz olurdu. Amma bu ilin aprel
ayına 5-6 toyumuz var. İndi toy edənlər həm də daha yığcam məclislərə üstünlük
verirlər. Demək olar ki, artıq 500-600 nəfərlik toy edən yoxdur. İndi
müraciətlər 150, maksimum 300 nəfərlik məclislərin təşkili ilə bağlıdır”.

Source link