Xəbər verdiyimiz kimi, mayın 10-da, paytaxtın Ziya Bünyadov prospektində əks istiqamətə çıxıb axına qarşı hərəkət edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan 99-XU-095 qeydiyyat nişanlı, “Range Rover” markalı avtomobilin sürücüsünün görüntüləri yayılmışdı.
ÇıxışYolu.Com-ın Avtosfer.az-a istinadən məlumatına görə, görüntüləri izləyən Nərimanov rayon DYP Şöbəsinin əməkdaşları dərhal sürücünü aşkar ediblər.
Qayda pozan sürücü 1992-ci il təvəllüdlü Məmmədov Orxan Əmrah oğludur. İnzibati araşdırma zamanı məlum olub ki, o, 99-XU-095 qeydiyyat nişanlı, “Range Rover” markalı avtomobili kirayə götürərək idarə edib.
O, dostunun toy karvanında hərəkət edən zaman qarşı yola çıxıb və bəy-gəlin maşınının qarşısını kəsərək 50 manat “şirinlik” alıb.
Sürücü törətdiyi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə dörd bal 100 manat məbləğində cərimələnib. O, törətdiyi əmələ görə peşman olduğunu və gələcəkdə belə hərəkət etməyəcəyəni bildirib.