5ffe0eb7-1e96-4dc6-9dd1-009f7a692451..jpg

Toy mövsümü başlayır: Ekspertlərdən təhlükə barədə xəbərdarlıq + FOTO

Baxış sayı: 466 dəfə baxılıb.

Toy mövsümü başlayır: Ekspertlərdən təhlükə barədə xəbərdarlıq + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toylarda məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər
təklif edilir”.

Bu fikirləri deputat Novruzəli Aslanov (Novruz Aslan) Aqrar siyasət
komitəsinin bu gün keçirilən iclasında bildirib.

Deputat qeyd edib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna dəyişiklik
edilməsi ilə bağlı layihə təsdiq olunduqdan sonra kiçik kustar üsulla istehsal
sahələri bağlanacaq:

“Ən çox vergi ödəyiciləri məhz bu sahədədir. Keçmiş zamanlardan bu günə qədər
biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq.
Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas odur ki, biz onları sıradan
çıxaraq. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın
sağlamlığına xidmət edəcək”.

Bəs görəsən, ölkənin əmtəə bazarında spirtli içkilərin istehsalı və satışı ilə
bağlı vəziyyət nə yerdədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Azad İstehlakçılar Birliyi”nin sədri
Eyyub Hüseynov bildirib ki, hazırda bu sahədə, demək olar ki, xaos hökm sürür:

“Əmtəə bazarının bu seqmentində xaos var. İllərdir, üzərində saxta aksiz
markası olan, kustar üsulla hazırlanmış və standartlara cavab verməyən spirtli
içkilər hazırlanır. Bu sahədəki vəziyyətin acınacaqlı olduğunu sübut edən faktı
dörd il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı
Mübarizə İdarəsi aşkarladı. DİN sübut etdi ki, ölkənin əmtəə bazarında ən
bahalı yerlərdə belə, brend məhsul adı altında naməlum tərkibli spirtli içkilər
satılır. Düşünürəm ki, onlar bu növ işləri davam etdirməlidirlər. Cürbəcür
şadlıq saraylarının zirzəmilərində də bu tip içkilərin hazırlanması daim
gündəmdə olub və bu gün də davam edir”.

Eyyub Hüseynov spirtli içkilərin də, digər məhsullardakı kimi, müəyyən saxlama
müddətinin olduğunu qeyd edib:

“Əhali bilməlidir ki, spirtli içkilər təkcə öz hazırlanma texnologiyalarına
görə yox, eləcə də satışda uzun müddət saxlandığına görə də insan sağlamlığı
üçün təhlükəlidir. Bir çox spirtli içki istehsalçıları və texnoloqlar iddia
edirlər ki, spirtli içkilərin yararlılıq müddəti sonsuzdur. Lakin araqların
satışda qalma müddəti bir ildən artıq olmamalıdır. Konyaklar üçün bu müddət üç
il, şərablar üçün isə altı aydır. Uzun müddət saxlanılan içkilər xüsusi
qablarda və çəlləklərdə saxlanılır. Hətta saxlanma yerlərində yüksək səslə də
danışmaq olmaz ki, içki “ayıla” bilər. Ölkənin əmtəə bazarında bu cür içkilər
çoxdur. Azad İstehlakçılar Birliyi alıcıları bu cür içkiləri ifşa etməyə
çağırır. Təsadüf deyil ki, zəhərlənmələrin statistikasına baxsaq, içkidən
zəhərlənmələr siyahıda ön sırada durur. Qida sektorunda yoxlamalar mütləq bərpa
olunmalıdır. Cəld reaksiya mexanizmi tətbiq edilməlidir”.

Qeyd edək ki, Ramazan ayının başa çatması ilə ölkədə toy mövsümü yenidən start
götürəcək. Bu isə əhalini daha diqqətli olmağa vadar edir.

Source link