Toyda mahnı sifarişi üstündə qohumlarını bıçaqlayan şəxs apellyasiya şikayəti
verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncədə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən
Rüfət Həsənzadənin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin
hakimi Rafiq Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 13-nə təyin edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətə azadlıqdan
məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Gəncə şəhərində yerləşən şadlıq
saraylarından birində qeydə alınıb. Belə ki, yerli polis şöbəsinə Samux rayon
sakini Namiq Məmmədov, İmişli rayon sakinləri – Şəfaət İslamlı və onun həyat
yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən
xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Həsənzadə
saxlanılıb. İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər
ərazisindəki şadlıq saraylarından birində musiqi sifarişinə görə N.Məmmədovla
mübahisə edib. O, N.Məmmədova bıçaqla xəsarət yetirən zaman öz bacısı və
bacısının həyat yoldaşı ona mane olmağa çalışıb. Bu zaman R.Həsənzadə onlara da
müxtəlif xəsarətlər yetirib.
Faktla bağlı R.Həsənzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən
sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi
açılıb.