Külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Gömrükçülər həmin şəxslərin əl yükü olan tozsoranın içindən xeyli sayda narkotik vasitə aşkar edib.
ÇıxışYolu.Com Az xezerxeber.az-a istinadla xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları “Sınıq-Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn Azərbaycan vətəndaşları – Nizami Hüseynov, Kamran Rzayev və Tural Məmmədova məxsus əl yüklərinə piyada idxal xəttində quraşdırılmış rentgen aparatında baxış keçirilib.
Baxış zamanı gömrük nəzarətinə təqdim olunmuş bir ədəd tozsoranın qutusunun içərisində gömrük nəzarətinə bəyan edilməyən mal olduğu aşkarlanıb. Qeyd olunan tozsoran avadanlığının içərisində sellofan paketə bükülü vəziyyətdə dərman preparatlarının olduğu müəyyənləşdirilib. Məlum olub ki, həmin preparatlar 903 ədəd, ürək formalı narkotik vasitə olan ekstazidir. Faktla bağlı araşdırma aparılır.
Bakıda isə Sabunçu rayon 12-ci polis bölməsi əməkdaşları Balaxanı qəsəbə sakini, Elxan Səfərzadəni narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlayıb. Onun üzərində axtarış keçirilən zaman 1 büküm şəxsi istehlak miqdarından artıq heroin aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı Elxan Səfərzadəyə narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib. Polis əməliyyatla narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakinləri – Yuriy Babayev və Əzim Əzimovu da saxlayıb.
Əzim Əzimovun üzərində axtarış aparılan zaman cibindən hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan heroin aşkar olunaraq götürülüb. Bu faktla bağlı da cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.