ABŞ Prezidenti Donald Tramp köməkçisi Madlen Vesterhoutu yaxşı insan hesab etdiyini və onu bağışladığını deyib.
Belə ki, ötən həftə “Politico” qəzeti Vesterhoutun Trampın qızları İvanka və Tiffani haqqındakı sözlərinə görə, vəzifəsindən istefa etdiyini yazmışdı.
Vesterhout avqustun 17-də yerli mətbuata verdiyi bir açıqlamasında Donald Trampla aralarındakı münasibətlərin onun qızları ilə arasındakı münasibətdən daha yaxşı olduğu ilə öyünmüşdü. Bundan başqa, 28 yaşlı köməkçi bildirmişdi ki, prezident qızı Tiffani ilə şəkil çəkdirməyi sevmir, çünki onu çox kök hesab edir. Nəhayət, Vesterhout zarafatla əlavə etmişdi ki, Tramp bəzən qızı Tiffanini izdiham içərisində digər insanlardan fərqləndirə bilmir.
Tramp isə öz növbəsində “Twitter” səhifəsində məsələ ilə bağlı yazıb ki, hər nə qədər Madlen Vesterhout razılaşdırılmamış açıqlamalar veribsə də, onun üzrünü qəbul edib və bağışlayıb.
Cümə günü “Ağ ev”də jurnalistlərin suallarını cavablandıran Prezident Vesterhoutun ölkənin birinci ailəsinin sirrlərini və şəxsi təfərrüatlarını açıqladığı üçün işdən çıxarıldığını təsdiqləmişdi.