ABŞ prezidenti Donald Tramp bəyan edib ki, yalnız rüsumların tətbiq edilməsindən sonra ölkə bərabər səviyyədə ədalətli ticarətə nail ola bilər.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Tramp bu barədə öz Twitter səhifəsində yazıb.
“Ticarət sahəsində Birləşmiş Ştatlara ədalətli yanşmalıdırlar. Əgər siz idxal mallarına sıfır faizlik rüsumlar tətbiq edirsinizsə, lakin bizim mallara 25, 50 və hətta 100 faizlik rüsumlar alırsınızsa, bu ədalətli deyil, və biz buna artıq dözməyəcəyik. Bu azad və ya düzgün ticarət deyil, bu ağılsız ticarətdir”, – o bəyan edib.
Trampın sözlərinə əsasən, ABŞ-ın xarici ticarət defisiti 900 milyard dollara yaxındır, və bu səbəbdən “ticarət müharibəsində uduzmaq qəbuledilməzdir”:
“ABŞ sayəsində uzun illər müxtəlif ölkələr ticarətdən gəlir əldə edirdilər, daha ağıllı addımlar atmağın vaxtı gəlib”, – prezident yekunlaşdırıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Avropa İttifaqı, Kanada və Meksikadan ölkəyə gətirilən polada 25 faizlik, alüminiyə isə 10 faizlik rüsum tətbiq edib. Yeni rüsumlar iyunun 1-dən qüvvəyə minib.