Tramp: Zelenskiyə zəng etmək istəmirdim

Baxış sayı: 2. 091 dəfə baxılıb.

Tramp: Zelenskiyə zəng etmək istəmirdim

ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasında respublikaçılara Ukrayna lideri Vladimir Zelenskiyə zənginin səbəbini izah edib.

Bu barədə “Axios” öz mənbəyinə istinadən yazır.

“Çoxları ona  (Zelenskiyə – red.) zəng etmək istəmədiyimi bilmir. Zəng etməyimin yeganə səbəbi Rikin (energetika naziri Rik Perri – red.) israr etməyi oldu. MTQ zavodu ilə bağlı idi”, – deyə Tramp oktyabrın 4-də partiya yoldaşları ilə telefon söhbəti zamanı izahat verməli olub. 

Ehtimal olunur ki, Amerika lideri belə bir bəhanə ilə məsuliyyəti üzərindən götürmək istəyib.

Xatırladaq ki, Trampın Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığı qalmaqala və ABŞ prezidentinin impiçmenti prosedurunun işə salınmasına gətirib çıxardı. 

İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

Bildirək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.