Trampın qərarı Azərbaycan neftinin qiymətinə təsir edəcəkmi? - AÇIQLAMA

Trampın qərarı Azərbaycan neftinin qiymətinə təsir edəcəkmi? – AÇIQLAMA

Baxış sayı: 2. 815 dəfə baxılıb.

ABŞ-ın OPEC-in üçüncü ən böyük istehsalçı olan İrandan neft alışını dayandırması xəbəri “qara qızılın” 2014-cü ildən bu tərəfə ən yüksək həddə çatmasına səbəb olub.“Futures” müqavilələri iki faiz yüksəlib.

Qeyd edək ki, ABŞ İrandan neft idxalının dayandırılması üçün şirkətlərə 180 gün vaxt verib. Bu qərarın neftin istehsal həcminə çox təsir etməyəcəyi bildirilsə də, bazarların təzqiyi artmaqda davam edir. 

Prosesin neft bazarına gələcək təsirlərini ÇıxışYolu.Com-a şərh edən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, İrana qarşı sanksiyaların yenidən bərpa olunacağı yönündə gözləntilər var idi: 

“Gözləntilər, adətən, hadisə baş verməzdən əvvəl bazara öz təsirini göstərir. Neft qiymətlərinin son aylarda 70 dollar ətrafında olmasının əsas səbəbi Donald Trampın İran mövzusunda radikal qərar verəcəyi yönündə gözlənti idi. Bazar treyderləri neftin qiymətinin yüksələcəyini proqnozlaşdırdıqlarından daha çox neft tədarük edirdilər. Bu da neftin dəyərini yüksəltdi”.

E.Soltanovun sözlərinə görə, bundan sonra bazarda radikal dəyişikliklər olmayacaq: 

“Çünki  sanksiyalarla bağlı gözləntilər bazara psixoloji təsir edərək qiymətləri müəyyən qədər artırmışdı. Müxtəlif hesablamalara əsasən, sanksiyalarla bağlı qərar verildikdən sonra neftin  bazar qiyməti beş dollar ətrafında dəyişəcək. Bu da Azərbaycan neftini təqribən  80 dollara qədər yüksəldə bilər. 

Amma burada bir məsələ də var. Avropa Trampın qərarından elə də razı qalmayıb. Trampın sanksiyaları Yaponiya, Cənubi Koreya, Tayland  tərəfindən dəstəklənəcək. Avropa ölkələri, eləcə də, Çinin bu sanksiyalara tam əməl etməməsi gözləniləndir.

Xatırladım ki, 2015-ci ilə qədər qüvvədə olan sanksiyalar Avropa dövlətləri tərəfindən dəstəklənirdi. O zaman İranın bazardakı payı bir milyon bareldən çox azalmışdı. Sanksiyaların aradan qaldırılması ilə İran bazara əlavə neft çıxardı.

İndi  azalmanını baş verib-verməyəcəyi sual olaraq qalır. Çünki Avropa ABŞ-ı bu məsələdə əvvəlki kimi dəstəkləməzsə, İran sərt zərbə ilə qarşılaşmayacaq. Düzdür, ixrac bazarları məhdudlaşacaq, şirkətlərin İranla bağlı planları təxirə düşəcək.

Məsələn, TOTAL İrana sərmayə yatırmaq istəyirdi. Lakin şirkət ABŞ-da böyük bank hesablarına malikdir. Yəni ABŞ iqtisadiyyatnın böyüklüyü Avropanın onunla birgə hərəkət etməməsi şəraitində də təsirə malik olacaq”. 

E.Soltanov deyir ki, bütün hallarda sanksiyalar bazara əvvəlki kimi təsir etməyəcək:

“Müharibə ehtimalı da istisna deyil. Ehtimal az olsa da, İsrail öz ordusunu səfərbər edib. ABŞ-da müəyyən hazırlıqlar var. Müharibə ehtimalı yüksələrsə, neftin qiymətinə əlavə təsirlər baş verə bilər. Neft 80 dollardan yuxarı qalxacaq”. 

L.Əliyeva
www.ÇıxışYolu.Com