f5f76995-e05d-411b-9d5f-8d0f77d8fa41..jpg

“Transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlığı əhəmiyyət daşıyır”

Baxış sayı: 430 dəfə baxılıb.

“Transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı
əməkdaşlığı əhəmiyyət daşıyır”

“Hər bir dövlətdə xalqın rifahının təmin edilməsini şərtləndirən iqtisadi
inkişaf və hüquq qaydasının mövcudluğudur. Cinayətkarlıq qeyd olunan amillərə
ciddi təhlükə olmaqla beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən
fenomendir. Bu sahədə, xüsusilə transmilli cinayətkarlıqla mübarizədə
prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi
mühüm əhəmiyyət kəsb edir”.

AZƏRTAC

xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi
Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının sentyabrın
15-də Bakıda keçirilən 4-cü iclasının iştirakçılarına ünvanlandığı məktubda yer
alıb.

Məktubda, həmçinin qeyd edilib ki, qlobal və regional təhdidlərin,
islamofobiya meyllərinin artdığı bir zamanda İƏT-ə üzv dövlətlərin
prokurorlarının qarşısında yeni vəzifələr durur. Narkotiklərin qanunsuz
dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların
yuyulması və sair cinayətlər beynəlxalq terrorçuluğun maliyyə mənbəyi olmaqla
bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, vacib məsələlərin müzakirəsi
iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq imkanı verməklə insan
hüquqlarının müdafiəsi və iqtisadiyyatın inkişafı üçün münbit şəraitin
yaradılması istiqamətində əməkdaşlığı daha da möhkəmləndirəcək.

“Hesab edirəm ki, ölkəmizin İƏT-də sədrliyi dönəmində üzv dövlətlərin baş
prokurorlarının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının
etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə
səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata
keçirilməsinə mühüm töhfə verəcək”, – deyə məktubda vurğulanıb.

Source link