“Trendyol”da çatdırılma qiymətlərinin kəskin artımının səbəbləri nədir? –
AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların
çatdırılma xidmətində qiymətdəyişikliyi edib
Şirkət qiymətləri 2,5 dəfə artırıb.
Xatırladaq ki, dünənə kimi 79,99 türk lirəsi (4,23 AZN) hesablanan çatdırılma
xidməti, bu gündən 199,99 türk lirəsi kimi (10,63 AZN) hesablanacaq. Bu da daha
çox daşıma xərci tələb edəcək.
Bu məsələ insanlar arasında çaşqınlığa səbəb olub. Belə ki, bir müddət öncə
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsi
ilə bağlı qərar qəbul edilib. Bununla bağlı müvafiq sənəd Azərbaycan Prezidenti
tərəfindən təsdiq edilib. Proqnoz edilirdi ki, iki ölkə arasında əldə olunan
razılaşma Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində
ucuzlaşmaya səbəb olacaq. Lakin tam əksi ilə qarşılaşdılar. Əhali “Trendyol”da
çatdırılma qiymətlərinin artırması və ikiqat vergitutmanın ləğvinin bir-birinə
zidd olduğunu deyirlər.
Bəs görəsən, bu iki məsələ həqiqətənmi bir-birinə ziddir və proses hansı
şəkildə tənzimlənəcək?
Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimlinin
sözlərinə görə, bu qərardan sonra sahibkarlar bir ölkədə vergi ödəyəcəklər:
“Azərbaycanda fəaliyyət göstərən türkiyəli vergi ödəyicisi ölkəmizdə vergi
ödəyirsə, Türkiyədə öz vergilərini ödəməyəcək. Yəni həm Azərbaycanda, həm də öz
ölkələrində vergi ödəməyəcəklər. Və ya tam əksi Azərbaycanda qeydiyyatdan
keçmiş vergi ödəyicisi Türkiyədə fəaliyyət göstərərkən gəlirlərindən qardaş
ölkəyə vergi ödəməyəcək. Mahiyyət ondan ibarətdir.
Bu, ikitərəfli ticarət əlaqələrinə təsir edəcək. Müəyyən xərclərin azalmasına
gətirib çıxaracaq”.
Ekspert qeyd edib ki, hər hansı bir məhsulun və ya xidmətin formalaşmasında
xərclər əsas rol oynayır:
“Xərclər nə qədər çox olarsa, həmin xidmətin, məhsulun qiyməti də bir o qədər
yüksək olacaq. Yükdaşımalarda olan tariflərdə dəyişikliklər, qiymət artımları
bütün sahələrə təsirini göstərir. Buna görə də yekun çatdırılmanın qiymətinə
təsiri qaçılmazdır.
Yükdaşımalarda olan artım gətirib qiymət artımına çıxartdı. Bu da bahalaşmanın
bir təsir üsuludur. Daxili və xarici faktorlardan ibarət olaraq bu, məhsulun da
qiymətinə öz təsirini göstərir”.
Məsələ ilə əlaqədar Cixisyolu.com olaraq “Trendyol Azərbaycan” şirkəti ilə əlaqə
saxladıq.
Şirkətdən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni qaydalara
əsasən, müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir:
“Ən aşağı desi (bir bağlamanın eni və uzunluğu – red.) qiyməti məhsulların
əksəriyyətində 79,99 TL (4,23 AZN) olaraq qalır və dəyişməyib. Daha böyük
həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL – 399,99 TL (5,27 AZN – 21,08
AZN) arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq
karqo qiymətlərini platformamızda görə bilərlər”.
Nəzrin Vahid