cca70d24-0b88-4d12-986e-88a43ced73b6.jpg

Tuncay Şanlı: “Ayaks”la oyun “Qarabağ” üçün dönüş nöqtəsi olacaq”

Baxış sayı: 222 dəfə baxılıb.

“Ötən mövsüm “Qarabağ” Avropa Liqasında 1/8 finala yüksəlməklə tarixi uğura
imza atmışdı”.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə millisinin və
“Fənərbağça”nın sabiq hücumçusu Tuncay Şanlı deyib.

Ağdam təmsilçisinin UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda
Niderlandın “Ayaks” komandasına qarşı keçirəcəyi oyundan danışan 43 yaşlı
keçmiş forvard şansları dəyərləndirib. O, Azərbaycan çempionunun güclü komanda
olduğunu bildirib:

“Bu komanda uzun illərdir Azərbaycanı Avropa meydanlarında yüksək səviyyədə
təmsil edir. Düzdür, bu mövsüm Avropa Liqasına yaxşı başlamasalar da, yerli
çempionatda gözəl oyun nümayiş etdirirlər. Komandanın çox yaxşı heyəti və
potensialı var. Zənnimcə, “Ayaks”la matç “Qarabağ” üçün dönüş nöqtəsi olacaq.
Qardaş ölkə təmsilçisinə qarşıdakı görüşlərdə uğurlar arzulayıram”.

“Beşiktaş”ın Avropa Liqasının əsas mərhələsinin ilk turunda “Ayaks”la
keçirdiyi oyunu xatırladan tanınmış futbolçu deyib:

“Avrokuboklarda hər oyun çətin keçir. Bu cür turnirlərdə heç vaxt favorit
olmur. Güclü komandalar xal itkisi yaşaya bilirlər. Bu fikirlərim “Beşiktaş” –
“Ayaks” matçına da aiddir”.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda
keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də start götürəcək.

Source link