8613bb2c-8fdc-4a08-8df6-5727ea692b9d..jpg

Tupakla B.I.G.-ni meyxanaya “gətirən” Pərviz Abasov: “Palçıqda eşələnmək vaxtı deyil” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 692 dəfə baxılıb.

Tupakla B.I.G.-ni meyxanaya “gətirən” Pərviz Abasov: “Palçıqda eşələnmək vaxtı
deyil” – MÜSAHİBƏ + FOTO

“Meyxana oxunan kənd toylarındakı ab-havadan, ya da “Sədərək”dəki düzəndən
xoşum gəlir. Məni həmişə kasıbla zəngin arasındakı fərq maraqlandırıb. Məsələn,
mənim bir işim var ki, Tupak və B.I.G. toyda meyxana oxuyurlar. Elə bir iş var
ki, Karl Lagerfeld “Sədərək”də moda nümayişi keçirir. Bu dissonans məni
maraqlandırır”.

Bunu Cixisyolu.com-a müsahibəsində rəngarəng əsərləri ilə məşhurlaşan gənc rəssam
Pərviz Abasov deyib. O, heykəltaraşlıqdan rəngkarlığa necə keçdiyi,
pop-mədəniyyətə marağının haradan qaynaqlandığı və başqa maraqlı mövzular
haqqında danışıb.

– Heykəltaraş necə rəngkar oldu?

– Heykəltaraşlığı bitirmişəm. 2008-19-cu illərdə yalnız heykəltaraşlıqla
məşğul olmuşam. Amma özümü tapa bilmirdim. Rəngkarlığa keçdim, bir neçə il
sonra öz üslubumu tapdım. Bəli, heykəl yarada bilirəm, amma rəsmdə özümü ifadə
etməyi bacardım. Heykəltaraşlıqda çərçivə gördüm, kətanda isə – yox.
Akademiyada da eyni quruluşlar olurdu, hər şey təkrarlanırdı və bu məni çox
yorurdu. Sifarişlərdə də görürdüm ki, müştərilərin istəklərini kətan üzərində
həyata keçirmək daha asandır, heykəl etsən, bu, suvenirə çevrilir.

Mən rəngkarlıq təhsili almamışam və düşünürəm ki, bu yaxşı haldır, çünki
etdiyim hər şey öz-özünə yaranır. Səhvlər edirəm. Necə lazım olduğunu bilsəm, o
zaman indiki kimi çəkməyəcəyəm. Təhsil bir çərçivə yaradır, qaydaları biləndə
onları pozmaq çətindir. Məsələn, rəssam dostum deyir ki, mən rənglə eksperiment
etməkdən qorxmuram, təhsillidən daha cəsarətli hərəkət edirəm.

“Görüş” adlı heykəlim var idi, onu kətana köçürmək istədim. Nəticəni bəyəndim
və markerlə illüstrasiyalar çəkməyə başladım. Sonra birdəfəlik kətana keçdim.
Rəngkar olacağımı heç düşünmürdüm. İndi isə köhnə tunc heykəllərimi də
rəngləyirəm. Bir rəngdə heykəllər mənə darıxdırıcı görünür, dəyişikliklər
olmalıdır. Mənim rəsmlərimdə də qaydalardan kənara çıxan məqamlar var, məsələn,
fiqurların proporsiyaları.

– Heykəltaraşlıqla bitdi?

– Təbii ki, kiminsə heykəlini düzəltmək üçün sifariş alıramsa, niyə imtina
edim? Amma bunu öz yaradıcılığınıza çevirmək, ömrü boyu eyni şeyləri
yaratmaq… Bu kimə lazımdır? Hər halda, mən Mikelancelodan, Rodendən yaxşı
olmayacağam. İndi də onları ötməyə çalışmaq… Nə üçün? Buna enerji sərf etməyə
heyfim gəlir. Və ya portretlər çəkmək… Bunu artıq 3D-printer və ya kamera
insandan daha yaxşı bacarır. Sual yaranır: yaradıcı insan kimdir? Düşünürəm ki,
bu, dünyaya öz baxışı olan bir insandır.

Məsələn, siz dörd il oxumusunuz, amma akademiyadan çıxandan sonra, məsələn,
ideal insan anatomiyasını təsvir etməyə davam edə bilməzsiniz ki… Qaydaları
unutmaq, yaradıcı olmaq lazımdır. Niyə emalatxanada oturub 3D-çap yaratmalısan?
Mən bunu başa düşmürəm.

– Rəsmləriniz necə yaranır?

– Əsərin yaradılmasında əsas ideyadır. Əgər o varsa, kətanı qarşına qoyub
çəkirsən. Bütün rəsmlərimin ideyaları əvvəldən var idi, sadəcə, onları çəkməyə
cəsarət etmirdim. Fikirləşirdim ki, heykəltaraş olaraq rəngkarlığa keçidim necə
olacaq, xüsusən də bu qədər peşəkar rəssamlar varkən. Bu, mənim içimdə idi,
sadəcə, öz vaxtını gözləyirdi.

Bəlkə, tezliklə “Bakı və bakılılar” mövzusundan çıxacağam. Son əsərlər mənə
illüstrasiyaları xatırladır. Onlar birincilərdən çox fərqlidir. İndi daha çox
detallara fikir verirəm, demək olar ki, boş yer saxlamıram. Rənglər haqqında da
çox oxuyuram, bu yaxınlarda neon rənglərdən istifadə etməyə başladım.

İnsanlar rəsmlərdəki narlardan, Xəzərin sahilindən və başqa şeylərdən
beziblər. Onlar yeni bir şey istəyirlər. Darıxdırıcı mövzularda çoxlu rəsmlər
var, hər addımda satılır. Sənin də onları çəkməyində nə məna var? Turistlərə
satmağa ümid edirsən? Mən bunu sənətkar üçün alçalmaq hesab edirəm.

– Rəsmləriniz nədən bəhs edir?

– Mənim cəmiyyəti dəyişmək, insanlara bəzi mesajlar vermək kimi məqsədlərim
yoxdur. Mən rəsmlərimə fəlsəfi mənalar yükləmirəm. Əksinə, mənə tamaşaçılar
tərəfindən əsərlərə hansı mənalar yüklədikləri maraqlıdır.

– Əsərləri satmaq asandır?

– Rəsm çəkməyə başlayanda satış haqqında düşünmürdüm. Mən, sadəcə, nə
olacağını görmək istəyirdim. Geyim brendi yaradarkən də mən pul haqqında
düşünməmişəm. Yaradıcılıq prosesi mənim üçün önəmlidir. “Instagram” videolarım
da yaradıcılığın bir hissəsidir. Bizdə videoart hələ o qədər də populyar deyil,
amma məsələn, Avropada kuratorlar onunla çox maraqlı şəkildə işləyirlər.

Bizdə eyni vaxtda həm yaradıcılıqda, həm də marketinqdə güclü olan sənətkarlar
azdır. Gözəl sənət adamlarını tanıyıram ki, sosial şəbəkələrdə normal
səhifələri belə yoxdur. Reklama pul xərcləmirlər. Bunun nə qədər vacib olduğunu
başa düşmürlər. Düşünürəm ki, özünüzə və işinizə hörmət etməli, onları
qiymətləndirməlisiniz ki, başqaları da qiymətləndirsinlər.

Sənətçi ad qazandıqdan sonra divara yapışdırılmış bananı belə sata bilər.
Bəziləri elə bilirlər ki, sadəcə, kətan üzərinə boya sıçradıb, özünü müasir
rəssam adlandırıb, sonra da əsəri heç kimin almadığından şikayətlənməlisən. Bu
belə işləmir. Bəli, indi nəyəsə nail olmaq üçün bütün gün emalatxanada oturub,
palçıqda eşələnmək vaxtı deyil. İndi beyin vaxtıdır. Kreativ nə etmisiniz? Bu
gün vacib olan budur.

Ad qazandıqdan sonra öz qaydalarını diktə edə bilərsən. Öz qiymətlərini təyin
edərsən.

Mən qalereyalarla işləmirəm. Bu, sərfəli deyil, çoxlu xoşagəlməz hadisələr baş
verib. Yalnız akademiyanı bitirdikdən sonra qalereyalarla əməkdaşlıq etdim,
məcbur oldum. Rəsm çəkməyə başlayanda qalereyaya bir iş təklif etdim və o,
qiyməti “öldürməyə” başladı. Nəticədə bu əsəri özüm və planlaşdırdığımdan
qat-qat baha satdım. Məhz o zaman anladım ki, qalereyasız da idarə edə bilərəm.

– Xəyalınızdakı sərgi necədir?

– Sərgi yaddaqalan olmalıdır. Mənim işlərim başqadır, öz üslubum var. Qrup
sərgilərinin tez-tez iştirakçısı deyiləm, çünki formata uyğun gəlmirəm. Hətta
kiminsə iş prosesinə müdaxilə etməsi mənim xoşuma gəlmir. Elə olur ki, məsələn,
mən işləyəndə dostlar çox faydalı ola biləcək məsləhətlər verirlər, amma mən
buna əməl etmirəm, çünki orijinal olmaq istəyirəm ki, əsər mənim olsun.

Sərgim haqqında düşünürəm. İstəyirəm ki, konseptual olsun, elə olmasın ki,
hamı gəlib, təbrik edib, baxıb getsinlər. Fikirlərim var, sadəcə, tələsmək
istəmirəm. Mənim işlərim də fərqlidir və sərgim də fərqli olmalıdır.

– Pop mədəniyyətinə maraq haradan qaynaqlanır?

– Meyxana oxunan kənd toylarındakı ab-havadan, ya da “Sədərək”dəki düzəndən
xoşum gəlir. Məni həmişə kasıbla zəngin arasındakı fərq maraqlandırıb. Yaradıcı
insan kimi onları izləmək mənə maraqlıdır. Məsələn, mənim bir işim var ki,
Tupak və B.I.G. toyda meyxana oxuyurlar. Ümumiyyətlə, Tupakla çox işim var,
onun fanatıyam. Elə bir iş var ki, Karl Lagerfeld “Sədərək”də moda nümayişi
keçirir. Bu dissonans məni maraqlandırır.

Bit bazarlarına getməyi, müxtəlif əşyalar almağı, işimdə istifadə etməyi və
baha qiymətə satmağı xoşlayıram. Bu proses də məni valeh edir. Məsələn, mən
xarab mikrofon alıb sonra onu rəsm əsərində istifadə edə bilərəm.

Daha çox foto burada: PhotoStock.az

Firəngiz Ağalarova

Source link