7998c58f-d559-410c-9e1b-01a2fc8bbb46..jpg

Tural İsmayılov: “Avropa Parlamenti erməni icmasının təsiri altına düşən bir təsisata çevrilib” – ŞƏRH

Baxış sayı: 809 dəfə baxılıb.

Tural İsmayılov: “Avropa Parlamenti erməni icmasının təsiri altına düşən bir
təsisata çevrilib” – ŞƏRH

“Avropa Parlamentinin dünyadakı bir çox proseslərdə qeyri-obyektiv mövqeyi
artıq qəbuledilən klişelərdən biridir. Burada sistematik şəkildə siyasi çirkab
dövriyyəyə buraxılır. Son 10 il ərzində isə AP tamamilə çirkli pulların təsiri
altında olan siyasətçilərin məskəninə çevrilib. Ümumiyyətlə, AP-də təmsil
olunanlar birmənalı şəkildə siyasi hadisələrin təhlilindən uzaqdırlar. Ciddi
media strukturlarında dərc edilən yazılar da sübut edir ki, burada deputatlar
demək olar ki, iclaslara hazırlıqsız qatılır. Bir çox məşhur diplomatlar öz
xatirələrində AP-nin işləmə mexanizmlərini ifşa ediblər”.

Bunu Cixisyolu.com-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

Politoloq qeyd edib ki, AP-nin Azərbaycana qarşı obyektivlikdən və reallıqdan
uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşması onların bir daha
ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir:

“Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana
hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar,
eləcə də gorbagor olmuş “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və
ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə ümumiyyətlə olmayan məsələlər qeyd
edilib. Bu “qətnamə”nin müəllifləri də eyni ermənipərəst dairələr və
strukturlardır. Diqqətlə analiz edəndə görürük ki, Avropa Parlamentindəki
Azərbaycan düşmənçiliyinin direktivləri birbaşa Fransadan gəlir. Daha öncəki
qətnamələrdə də Fransa mərkəzli siyasətçilər prosesin “aparıcı qüvvəsi”ni
təşkil etmişdilər. Fransa Cənubi Qafqaz regionunda təmsilçilik əldə etmək üçün
müxtəlif təxribatlara əl atır. Hesab edirəm ki, Fransanın bu təxribatları
ölkənin olmayan nüfuzunun daha da zədələnməsi ilə nəticələnir. Eyni zamanda,
Fransanın Ermənistan vasitəsilə Azərbaycan və Türkiyəyə təsir etmək siyasəti
ətrafında da fəallıq Makronun hakimiyyəti dövründə daha da artıb.

Makronun Azərbaycan və Ermənistan arasında formalaşa biləcək sülh və etimad
mühitini pozmaq planına Avropa Parlamenti dəstək verməyə çalışır. Prosesə bir
qədər geniş müstəvidə baxsaq, erməni lobbisinin izlərini də aydın görə bilərik.
Erməni lobbisinin Fransa hakimiyyətinə təsir imkanları genişdir. Ona görə də
erməni lobbisinin çirkli pullarının Avropa Parlamentinə ötürülməsində əsas
vasitəçi rolunu elə Fransanın oynadığını demək üçün kifayət qədər əsaslar var.
Makron hakimiyyəti bu gün birmənalı şəkildə Ermənistanı dəstəkləmək, eyni
zamanda, Avropa Parlamenti kimi qurumları Azərbaycan və Türkiyə əleyhinə
qızışdırmaqla Fransanın Bakı və Ankara ilə gələcək iqtisadi-siyasi əlaqələrini
sabotaj edir. İstənilən halda əlaqələrin zədələnməsindən itirən Azərbaycan və
Türkiyə deyil, Fransa və onun dəstəklədiyi Avropa Parlamentindəki lobbist
qruplar olacaq.

Azərbaycanın apardığı aktiv xarici siyasət, o cümlədən NAM-a uğurla sədrlik,
həmçinin X Qlobal Bakı Forumunun baş tutması və digər qlobal təşəbbüslərimiz
ölkəmizin beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir. Azərbaycan
əleyhinə növbəti riyakarlığın Bakıda gerçəkləşən iki önəmli tədbirdən baş
verməsi hadisələrdə əsla təsadüf olmadığını göstərir. Bəs korrupsiya
bataqlığında məhv olan bir strukturun sadəcə kağız parçası olan qətnamələri
Azərbaycana hansısa formada təsir edə bilərmi? Birmənalı şəkildə yox…”

Tural İsmayılov bildirib ki, Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar AP
adından elan edilsə də sözügedən bəyanatların mətbəəsi erməni diasporunun
maliyyəsi ilə idarə edilir:

“AP-nin korrupsiya şəbəkəsində 33 nəfərlik “Ermənistanla dostluq qrupu”nun
üzvləri kifayət qədər aktivdirlər. AP-də Azərbaycan və Türkiyəni hədəfləyən
bəyanatlar AP adından elan edilsə də, onların əksəriyyəti məhz həmin “33
nəfərlik qrup” tərəfindən imzalanır. Bu deputatlar dünyada Azərbaycan və
Türkiyə əleyhinə dezinformasiya şəbəkəsinin əsas sponsoru Kaspar Karampetyanın
maliyyəsi ilə Ermənistana dəfələrlə səfərlər də ediblər.

Dünyada beynəlxalq anti-korrupsiya gününün qeyd edildiyi bu tarixdə Belçika
polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə
üzvünü həbs etdi.

Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva
Kailinin olması isə sensasiya effekti yaratdı. Eva Kayli AP kürsülərindən daim
Türkiyə əleyhinə çağırışları ilə fərqlənib. İşlə əlaqədar Brüsseldəki 16
müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul
aşkarlanıb.

Avroparlamentarilərə külli miqdarlarda rüşvət verən daha bir erməni əsilli
oliqarx isə Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes işğal dövründə
Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif
sahələrdə tamamilə qanunsuz biznes fəaliyyətləri göstərib və Azərbaycanın
sərvətlərini talayaraq öz biznes imperiyasını genişləndirib. Serj Sarqsyanın
Ermənistanın Marselə baş konsul təyin etdiyi Sirmakes əldə etdiyi vəsaitlərdən
avroparlamentarilərə rüşvət və bahalı hədiyyələr şəklində paylayaraq həm
Ermənistanın, həm də şəxsi maraqlarının müdafiəsində dəstək toplamağa çalışıb.
Eyni zamanda Sirmakes Fransa Senatındakı deputatlara çirkli pullar paylayan
əsas adamlardan sayılır. Beləliklə, biz görürük ki, bütün dünyanın gözü
qarşısında sistemli siyasi dələduzluq çarxı qurulub.

AP-də ənənəvi Qərb dəyərləri, habelə plüralizm, ifadə azadlığı kimi
fundamental məsələlər Avropadakı erməni icmasının radikal fəaliyyəti
nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycana qarşı ədalətli mövqe
tutan istənilən deputat erməni icması və ya onun təsiri altında olan qüvvələr
tərəfindən mənəvi terrora məruz qalır. Nəticədə həmin deputatlar susmağa məcbur
olurlar. Hazırda AP erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı
radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata
keçirildiyi məkana çevrilib. AP ermənilərə aid olduğunu iddia etdiyi mədəni
abidələri qədim xristian irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə
dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə bir edilmiş İslam
mədəniyyəti abidələrini inkar edir ki, bu düşüncə tərzi dini, irqi
ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir.
AP-nin mədəni irsə yanaşması da siyasiləşib, dini çalar alır. “Xristian irsi
qorunmalı, müsəlman irsini isə dağıtmaq olar” yanaşmasına şahidlik edirik. AP
artıq müasir səlibçilərə çevrilib.

Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cürə
barışa bilməyən AP-nin bir sıra deputatları cəmiyyətimizə yad məsələlərin,
habelə LGBT hüquqlarının təşviq edilməsini tələb edir.

Avropa Parlamenti hazırda korrupsiya pullarını Azərbaycan və Türkiyəyə qarşı
dezinformasiya “qalxanına” çevirib. Azərbaycanın Qərbdə etibarlı tərəfdaşları
mövcuddur, AP kimi “siyasi institutların” dünyadakı ciddiyyəti isə indi
sarsıntılıdır”.

Source link