3aa85217-21b4-465c-b50a-2e32febcec4c..jpg

“Turan Tovuz” “Qarabağ”la oyunda hakim qərarlarına etiraz etdi – VİDEO

Baxış sayı: 572 dəfə baxılıb.

“Turan Tovuz” “Qarabağ”la oyunda hakim qərarlarına etiraz etdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ”la
ev oyununda hakim idarəçiliyindən narazı qalıb.

Qərb təmsilçisi bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib:

“Turan Tovuz” PFK olaraq Premyer Liqada keçirdiyimiz ilk oyundan bu günədək
heç vaxt hakimliklə bağlı haqlı və ya haqsız irad və etiraz bildirməmişik.
Lakin mövsümün gedişində bir neçə dəfə bütün futbol ictimaiyyətinin də bizimlə
həmfikir olduğu haqsızlıqlarla üzləşmişik. Verilməyən penalti, sayılmayan qol,
futbolçularımıza verilən, lakin rəqiblərə göz yumulan vərəqələr gərgin keçən
çempionatda qızıla bərabər olan xallarımızın itirilməsi ilə nəticələnir. Bu
səhvlərin VAR sisteminin tətbiq edildiyi məqamda təkrarlanması bizi daha da
narahat edir”.

Qeyd olunub ki, klub gənc hakimlərin təyinatını hər zaman alqışlayıb və
onların futbolumuzun inkişafında öz töhfələrini verəcəyinə inanıb:

“Son oyunlarda əleyhimizə verilən ardıcıl qərarlar ilk dəfə hakimliklə bağlı
etiraz etməyimizə səbəb olur. Belə səhvlərlə bir çox oyunda qarşılaşsaq da,
sadəcə son oyundan videogörüntüləri təqdim edirik. Bütün rəqiblərə hörmətlə
yanaşırıq hər hansı üstünlük, ayrı-seçkilik tələb etmirik, təmiz futbol,
ədalətli qərarlar istəyirik!”

Klub, həmçinin narazı qaldığı epizodların videosunu paylaşıb. Onlardan birində
rəqib oyunçu Olavio Juninyoya sarı vərəqə verilməsinin daha doğru olacağı
bildirilib. Eyni zamanda, “Qarabağ”ın ikinci qolundan əvvəl meydan sahiblərinin
oyunçusuna qarşı kobudluq edildiyi bildirilib. Bundan başqa, “Turan Tovuz”
50-ci dəqiqədə vurulan, lakin hakimin qeydə almadığı qol zamanı qayda
pozuntusunun olmadığını vurğulayıb.

Xatırladaq ki, sözügedən matç 2:2 hesabı ilə yekunlaşıb. Oyunun baş hakimi
Fərid Hacıyev, VAR hakimi Kamranbəy Rəhimov, onun köməkçisi isə Cavid Cəlilov
olub.

Source link