Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Nazim Məmmədovun CM-nin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu il yanvarın 18-də “Turanbank” ASC-nin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Xəzinədarı bıçaqla hədələyib, pul tələb edən şəxs tutulub. Ondan məişət təyinatlı bıçaq götürülüb, o, ərazi üzrə Yasamal RPİ 27-ci polis bölməsinə təhvil verilib. Araşdırma zamanı onun Nazim Məmmədov olması müəyyən edilib.
İstintaqın gedişatında müəyyən edilib ki, Nazim Məmmədov banka daxil olaraq müştəri S.Nəcəfovaya arxadan yaxınlaşıb, boğazına bıçağı dirəyib və xəzinədardan pul verməsini tələb edib.
Qeyd edək ki, zərərçəkən qadın filiala pul xırdalamaq üçün daxil olub. Bu zaman bankın əməkdaşlarından biri həyəcan düyməsini basıb. Məlum olub ki, Məmmədov psixonevroloji dispanserlərdən birində qeydiyyatdadır.
Məhkəmə prosesində çıxış edən prokuror təqsirləndirilən şəxsə 13 il cəza təyin edilməsini xahiş edib.
Növbəti proses iyulun 10-na təyin edilib.